Qardaş qatili, 8 sui-qəsd, Dağıstanı lərzəyə salan merin sonu
06 iyun 2013 17:49 (UTC +04:00)

Qardaş qatili, 8 sui-qəsd, Dağıstanı lərzəyə salan merin sonu

İyunun 1-də Mahaçqala şəhərinin meri Səid Əmirovun həbs edildi. Dağıstan mətbuatı Səid Əmirov cinayətkar qruplaşma yaratmaqda, çoxsaylı qətllərin sifarişində və narkotik vasitə ticarətində ittiham olunduğunu, iki gün əvvəl saxlanılmış Sirajudin Quçuçalievin ifadələri əsasında tutulduğunu yazdı. Xatırladaq ki, Quçuçaliyev Mahaçqala yaraqlılarının liderlərindən olub.

Ötən şənbə gün ərzində isə həbslər davam etdi, Əmirovun qardaşı oğlu, Kaspiysk şəhər merinin müavini Yusup Cəfərov və daha 12 nəfər də həbs edildi. Səid Əmirov və digər saxlanılanlar elə həmin gün – iyunun 1-də xüsusi təyyarə ilə Moskvaya aparıldı. Az sonra da Dağıstanda xüsusi təhlükəsizlik rejimi tətbiq olundu. Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları, yerli polis Mahaçqala, Kizlyar, Dərbənd və Levaşinsk rayonunda vəziyyəti xüsusi nəzarətə götürüldü. Rusiya təhlükəsizlik orqanlarındakı mənbələr Səid Əmirovun 700 tərəfdarından ibarət yaxşı təlim görmüş və silahlanmış dəstəsinin hər an Dağıstanın istənilən nöqtəsində hərəkətə keçə, respublikanı qarışdıra biləcəyi bildirdilər.

 

Bəs kimdir axı, həbsi Dağıstanı lərzəyə salan Səid Əmirov?

 

Rusiyanın ən yaxşı meri imiş

 

Səid Caparoviç Əmirov 5 mart 1954-cü ildə Dağıstanın Levaşinsk rayonunun Canqamaxi kəndində, çoxuşaqlı kəndli ailəsində anadan olub və rəsmi sənədlərdə milliyətcə dargin olduğu yazılıb. 1971-1991-ci illərdə istehlak kooperasiyasında işləyib, Dağıstan İstehlak İttifaqının rəhbəri vəzifəsinə qədər yüksəlib. 1983-cü ildə Ümumrusya Qida Sənayesi İnstitutunu bitirib, iqtisadçı ixtisasına yiyələnib.  1992-ci ildə Sankt-Peterburq Dövlət Universitetində iqtisadi elmlər namizədi adını qazanıb, sonra da iqtisadi elmlər doktoru olub. Vəzifə pillələrində yüksəlişi də davam edib. 1991-ci ildə Dağıstan hökuməti sədrinin müavini olub. Mahaçqala şəhər Şurasının, Dağıstan Ali Şurasının deputatı seçilib. 1988-ci ildə Mahaçqala meri postuna seçkilərdə əsas rəqibi Şirxan Hacımuradovu böyük səs çoxluğu ilə üstələyərək mer, 1999-cu ilin martında Dağıstan Respublikası Xalq Sovetinin deputatı seçilib. 1999-cu ilin iyununda Dağıstan Yerli İcra Qurumları İttifaqının sədri olub. 3 dəfə, 16 fevral 2002-ci il, 13 mart 2006-cı il və 10 oktyabr 2010-cu tarixlərində Mahaçqala meri seçilib. 2013-cü il aprelin 20-də Rusiya Federasiyasının “Ən yaxşı meri” tutulunu qazanıb.  Və cəmi bir ay əvvəl ağlına belə gəlməzdi ki...

 

 

Bir məqama da diqqət yetirək; Səid Əmirovla bağlı rəsmi məlumatda onun 1999-cu ilin yayında Şamil Basayev və Xəttabın rəhbərliyi altında silahlıların Dağıstana hücumu zamanı böyük silahlı birləşmə yaratması, bu silahlı qruplaşmaya rəhbərlik etməsi də yer alıb. O, hakim Vahid Rusiya Partiyasının 2001-ci ildə regional və Mahaçqala şöbələrinin yaradılmasında iştirak edib, uzun müddət Vahid Rusiya Partiyasının Mahaçqala şöbəsinin rəhbəri olub.

 

 

Əzrailin  bacarmadığı adam

 

 

Səid Əmirov çoxsaylı sui-qəsd cəhdlərindən sağ qurtulması ilə də diqqət mərkəzində olub. 1993-cü il aprelin 3-də ilk sui-qəsd zamanı onurğa sütunundan bir neçə güllə yarası alıb, əlil arabasına möhtac qalıb. 1997-ci il mayın 28-də Mahaçqalada üçüncü sui-qəsd 4 nəfərin ölümünə səbəb olsa da, Səid Əmirov yenə sağ qalıb. 1998-ci il iyulun 22-də yeddinci sui-qəsd zamanı onun kabineti qumbaraatanla atəşə tutulub. 1998-ci il avqustun 8-də Səid Əmirova qarşı Mahaçqalada 8-ci sui-qəsd cəhdi olur. Bu dəfə Səid Əmirov özü şəxsən təhqiqat aparır, evinə gedən yolda partlayış planlaşdıran təşkilatçını müəyyənləşdirir.

 

Sultanat Əmirova ilə ailə qurmuş Səid Əmirovun 4 övladı var. Oğullarından Maqomed Əmirov Dağıstan Xalq Sovetinin deputatı, Qanunvericilik və dövlət tikintisi üzrə komitənin sədridir. Digər oğlu Dalqat Rusiya Məhkəmə İcraçıları Federal Xidmətinin Dağıstan Respublikası üzrə İdarəsinin rəhbəridir.

Oğullarını tikinti və məhkəmə sahəsində mühüm postlara yerləşdirən Səid Əmirovun qardaşlarının da səlahiyyət sahibi olmasını təmin edib. Qardaşı Qazimaqomed Əmirov 1984-cü ildə texnikum təhsili alandan sonra Stavropol İstehlak Kooperasiyasında çalışıb, Dağıstana qayıdandan sonra İzberbaş şəhərində Rayonlararası Balıq Təftiş Xidmətinin rəisi olub, Dağıstan Xalq Şurasının deputatı seçilib. Bununla da Səid Əmirov əslində çox qazanclı sahələrdən olan balıqçılığı da öz nəzarətinə keçirib.

 

Dağıstanı illərdir ki, qorxu içində saxlayan, əsas dövlət və biznes strukturlarına nəzarəti ələ almaqla özünəməxsus qaydalarla idarə edilməsini təmin edən bu şəxs barədə rəsmi məlumatlar bu qədər. Amma  Səid Əmirovla bağlı elə gerçəklər var ki...

 

 Mirzəyevlər necə Əmirov oldular?

 

Səid Əmirov əslən Canqamaxi kəndindən deyil, bu kəndin yaxınlığındakı Elakatmaxi qəsəbəsindədir. Canqamaxi və Elakatmaxidə Dağıstanda ən qədim yaşayış məskənlərindən olan Mekeqidən köçənlər məskunlaşıb. Rəvayətə görə, 17-ci əsrdə Həcdən qayıdan karvanın qarşısına kürd qaçqınlar çıxır və ata-anasını itirmiş bir yetim uşağı xilas edilməsini istəyirlər. Karvanda olan və uşağı olmayan bir mekeqinli körpəni özü ilə Mekeqiyə gətirir, onu böyüdür, tərbiyə edir. Bir gün də dostları ilə oynayan zaman təsadüfən onu böyüdənlərin əsl ata-anası olmadığını öyrənir. Evə qayıdır, söylənilənlərin doğru olduğunu öyrənir. Kənddən getməyə qərar verir. Onu böyüdən mekeqili oğlanı valideynlərinin, bəlkə də bütün nəslinin öldüyünə inandırır. Mekeqili oğlanı hazırkı Canqamaxi kəndinin ərazisinə gətirir. Məsləhət görür ki, burada ona ev tiksinlər, ailə qursun, əkinçiliklə məşğul olsun. Beləliklə də, yetim kürd Canqamaxi kəndinin əsasını qoyur. İndiyə qədər də  yerli əhalinin dilində bu yerlə bağlı “kürd” sözündən yaranmış “kurdxlajixale” sözü işlənir.

Canqamaxidə sonradan digər mekeqinlilər də məskunlaşıb. Hazırkı Canqamaxi iki yaşayış qəsəbəsindən - Xalakat və Elekatdan ibarətdir. Elakatmaxi kəndi Canqamaxi kənd sovetinin tərkibinə daxildir və Canqamaxi kəndindən 3 km uzaqlıqda yerləşir. 1985-ci ildə burada 81 evdə 298 nəfər yaşayıb. Bu, Xalakatda yaşayanların sayından çoxdur. Karabudaxkent rayonun Açi stansiyasında böyük əksəriyyəti Elnkatmaxidən olan 700 canqamaxili yaşayır.

Maraqlıdır ki, Səid Əmirovun əcdadları 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Mirzəyev soyadı daşıyıblar. 20-ci əsrin ortalarında bu soyadı Caparovla əvəzlənib. 1980-1990-cı ildə isə bir qism soyadını Əmirovla əvəzləyib. Hazırda əksəriyyət Əmirov, qalanları isə Caparov soyadını daşıyır.

...Mirzəyevlərin ailəsində 5 uşaq, Maqomed və Capar qardaşları, Patimat, Xadicat və Xalimat bacıları olub. Səid Əmirovun babası Əmir də Caparın ailəsində dünyaya göz açıb. Capar Mirzəyevin oğlu Əmir Caparov 1918-ci ildə dünyaya göz açıb, uzun müddət “Sverdlov” kolxozunda briqadir işləyib, Kakamaxi kəndində partiya təşkilatının katibi olub. Pensiyaya çıxandan sonra da Levaşinsk rayon Su Elektrik Stansiyasında işləməyə davam edib, sonra Mahaçqalaya gəlib, “Daqrıbprom”da işləməyə başlayıb. 1980-ci ildə vəfat edib. Əmir və həyat yoldaşı Patimatın çoxlu nəvə-nəticələri olub,  onlardan biri də Səid Əmirovdur...

 

Qardaş qatili

 

Qardaşlarından Kərim Caparov (həbs edilən Yusup Caparovun atası)  1993-cü il aprelin 10-da gecə yarısı Mahaçkalada “Aradeş” sağlamlıq kompleksində saunada öldürülüb. Gəzən söz-söhbətlərə görə, əslində Kərim Caparovu elə qardaşı Səid Əmirov özü öldürüb. Buna səbəb isə öncə satılan, sonra da yandırılan bir yun anbarı səbəb olub. Ataları Capar Əmirov buna görə Səidi lənətləyib və ölünə qədər onu yaxına buraxmayıb.

Səid Əmirovun digər qardaşı Şamil Əmirovu da öldürdüyü danışılır. Şamil Əmirov naroktik vasitələrə aludə olub, müalicənin də ona köməyi olmayıb. Bir dəfə isə Səid Əmirovun baldızı Perziyat Baqandova onu narkotik vasitə qəbul etmiş vəziyyətdə küçədə tapıb. Bu zaman Şamil Əmirov onu möhkəm döyüb. Bu, Səid Əmirovun səbrini daşıran son damla olur. O, bu qardaşını da öldürür. Və tezliklə xalq arasında ayama da qazanır: “Qanlı Ruzvelt”...

Digər qardaşı Maqomedsalim Əmirov isə hazırda Mahaçqala şəhərinin Kirovsk Rayon Məhkəməsinin sədridir.

Ümumiyyətlə, Səid Əmirovun rəhbərlik etdiyi klana daxil olan şəxslər çox yüksək vəzifələr tutub, böyük biznesə, mülklərə sahib olublar. Məsələn, Səid Əmirovun arvadının bacısı Perziyat Baqandova 1967-1990-cı illərdə Leninsk rayonunda və Mahaçqalada ikinci katib olub. 6 il  Dağıstanın sosial müdafiə naziri olub, iki dəfə Dağıstan Xalq Sovetinin deputatı seçilib. Həmin illərdə Dağıstanda Maqomedali Maqomedovdan sonra Dağıstanda üçüncü şəxs sayılıb. Qızını da Dağıstan Xalq Sovetinin deputatı Zaydin Cambulotova ərə verib. Zaydin Cambulotov Dağıstanın baş naziri Murat Şixsaidovun əmioğlusu, Xizri Şixsaidovun bacısı oğludur. Perziyat Baqandova  əlindəki imkanlardan istifadə edərək Mahaçqalada bir çox biznesmenləri sıxışdırıb, özünə gəlirli biznes qurub.

Əli Səidovun klanına daxil olan Musalav Qasanov İzberbaş Çörək Zavodunun direktoru olub, “Daqsnab”ın rəisi işləyib. 1994-cü ildən bəzək piltələri və digər tikinti materialları istehsal edən  “Sad” Açıq Səhmdar Cəmiyyətinin direktorudur. Mahaçqala meriyası yalnız bu müəssisədən, həm də 2-3 dəfə baha qiymətə tikinti materialları alıb.

 

Qüdrətli şəbəkə

 

Səid Əmirovun bacısı oğlu Maqomedkadi Qasanov 1991-ci ildə “Adam-İnterneşnl” müəssisinə rəhbərlik edib, 1999-cu ildə isə Rusiya Dövlət Dumasının deputatı seçilib.  “Vahid Rusiya” blokunun siyahısında yer alan Maqomedkadi Qasanov Dağıstan Respublikasında blokun siyahısında birinci yerdə olub və 2003-cü , 2007 və 2011-ci illərdə  Dövlət Dumasının deputatı seçilib.

Səid Əmirovun digər bacısı oğlu Camaladdin Qasanov 1994-199-cu illərdə Stavropol vilayət administrasiyasında çalışıb, vilayət adminstrasiyasının rəhbəri Stanislav İlyasovun köməkçisi olub. 2002-ci ildə “İnstav” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib. “Vahid Rusiya”nın siyahısı ilə Stavropol Vilayət Dumasının, 2007-ci ildə Liberal Demokrat Partiyasından, 2011-ci ildə Ədalətli Rusiya Partiyasının siyahısı ilə Duma deputatı seçilib. Stavropolda çoxlu sayda şirkətləri, müəssisələri, ticarət obyektləri var.

Səid Əmirovun bacısı oğlanlarından biri Şamil Qasanov Dağıstan Respublikası üzrə Federal Gömrük Xidməti İdarəsi rəisinin müavinidir.

Əmirovlar klanının digər budağı – Tirmitov qardaşları Stavropolun şərqində kənd təsərrüfatı və sənaye sahəsində böyük aktivlərə malikdirlər. Son illər Stavropolda bir neçə kolxozun torpaqlarını alıblar.  Bu torpaqları ucuz qiymətə alan Tirmitov qardaşları kolxozdakı pay torpaqlarını satmaq istəməyən şəxsləri də “susdurmağı” bacarıblar. Bu torpaqların böyük əksəriyyəti faktiki məhz Səid Əmirova məxsusdur.  Bu qardaşlardan Maqomed Tirmitov 1997-1998-ci illərdə Stavropolda “Sover” və “Solod-Sadko” açıq səhmdar cəmiyyətlərində baş direktor müavini, 2002-2004-cü illərdə  Stavropolda “Vostok’ Açıq Səhmdar Cəmiyyətinin kommersiya direktoru olub,  2005-ci ildən “Kafqaztransqaz” Açıq Səhmdar Cəmiyyətinin filialının direktorudur. Eyni zamanda “Veliçaevskoe” Açıq Səhmdar Cəmiyyətinin də baş direktorudur . 2007-ci ildə Liberal Demokrat Partiyasından Stavropol Dumasına namizəd olub və deputat seçilib.

Ramazan, Tirmit, Maqerram Tirmitov qardaşları da müxtəlif müəssisələrdə rəhbər vəzifələr tutmaqdadırlar.

Məhz belə bir qüdrətli şəbəkə qurmağı bacardığı üçün Səid Əmirovun həbsi planı Moskvada əməliyyatçılar tərəfindən məxfi hazırlanıb. Qurduğu klan sistemindən bacarıqla istifadə edən Səid Əmirov həbsi barədə öncədən məlumatlı olsaydı, Mahaçqalada hakimiyyət strukturlarında təmsil olunan bir adamı bu barədə eşitsəydi, onu həbs etmək mümkün olmazdı. Çünki Dağıstanda hər bir strukturda Səid Əmirovun əlaqəsi olub. Sözsüz ki, Səid Əmirovun həbsi bütünlükdə onun rəhbərlik etdiyi klan sisteminə ciddi zərbədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4486
avatar

Oxşar yazılar