Rusiya prezidenti Vladimir Putin ölkədə islamın yeni sosiallaşmasının zəruri olduğunu bəyan edib və ölkədəki müsəlman təşkilatlarının liderlərini Rusiyaya işləməyə gələn müsəlmanların ictimaiyyətə uyğunlaşmasına yardım etməyə çağırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən verdiyi xəbərə görə, bu barədə Putin oktyabrın 22-də ölkədəki müsəlman dini qurumlarının muftiləri ilə görüşündə deyib.
«İslamın yeni sosiallaşması, müasir sosial gerçəkliyə uyğun olaraq, ənənəvi islam həyat tərzinin, təfəkkür və baxışlarının inkişafı kimi qarşılanmalıdır. Bu dindarlar orta əsrlərə sürükləyən radikalların ideologiyasına qarşı olmalıdır»- deyə, Putin qeyd edib.
Onun sözlərinə görə, islam mədəniyyət, elmi-maarifləndirici mərkəzləri, gənclər və qadın klublarının vasitəsi ilə yeni iş üsullarının həyata keçirilməsi də çox vacib məsələdir:
«Mən ölkəyə işləməyə və yaşamağa gələn müsəlmanların sosial uyğunlaşmasında sizin də verəcəyiniz töhfənin çox əhəmiyyətli olacağına əminəm. Onlar sizin səsinizi eşitməli, sizin iştirakınızı hiss etməlidirlər. Əks halda, onlar müxtəlif radikal qurumların apardığı təbliğatın obyektlərinə çevrilir».