Övladlığa götürülən yeniyetmə qızların taleyi Xamneyidən asılıdır
12 oktyabr 2013 07:50 (UTC +04:00)

Övladlığa götürülən yeniyetmə qızların taleyi Xamneyidən asılıdır

İranda çoxlarının heyrətinə səbəb olacaq qanun qəbul olunub. Lent.az-ın məlumatına görə, bu yaxınlarda parlamentdə övladlığa götürülən uşaqlarla evlənməyə icazə verən qanun qəbul olunub

 

Həmin qanun Nəzarət Şurası tərəfindən təsdiqlənib. Qəbul olunmuş bütün qanunları bu qurum təsdiqlədikdən sonra onu ölkənin ali rəhbəri aytətulla Xamneyi də bəyənməlidir.

Nəzarət Şurası bəyan edib ki, övladlığa götürülən uşaqlarla evlənmə qanunu şurada müzakirəyə çıxarılıb, onun ölkə konstitusiyasına və hakim şəriət qanunlarına zidd olmadığı qənaətinə gəlinib.

 

Sözügedən qanun sentyabrın 22-də qəbul olunub və bəzi rəsmilərin, hüquq müdafiəçilərinin, vətəndaşların etirazı ilə qarşılanıb.

 

İran prezidenti Həsən Ruhaninin qadınlar və ailə məsələləri üzrə müavini Şəhindoxt Mövlaverdi isə jurnalistlərə deyib ki, bu qanun fəsadlara gətirib çıxaracaq: «Qadınlar düşünə bilərlər ki, haçansa onların əri övladlığa götürdükləri qızla evlənəcək. Bu düşüncə qız uşaqlarının övladlığa götürülməsinə əngəl yarada bilər». 

 

Bir müddət öncə İran parlamentinin sosial komissiyasının üzvü Əmirhüseyn Qazizadə isə jurnalistlərə açıqlamasında qanunu dəstəklədiyini bildirib: «Keçmişdə ögey qız və ya ögey oğlanın onu övladlığa götürən şəxslə evlənməsi halları çox olub. Buna heç bir məhdudiyyət olmayıb. Qanunun qəbul olunması uşaqlardan sui-istifadə imkanlarını məhdudlaşdırır və onun qarşısını alır. Lakin belə bir evlilik məhkəmənin məsləhəti ilə olmalıdır».

 

Həmin komissiyanın başqa bir üzvü Salar Muradi də yeni qanunun lehinə olduğunu bəyan edib: «Övladlığa götürülən uşaq doğma övlad sayılmır. Fiqh və şəriət qanunları həmin şəxsin onu övladlığa götürən şəxslə evlənməsinə icazə verir. Əgər övladlığa götürülmüş hansısa bir qız bir ailəyə daxil olursa, yetkinlik yaşına çatandan sonra ailə kişilərinə naməhrəm sayılır. Elə buna görə onun üçün ya məhrəmlik siğəsi oxunmalı, ya da qız onu övladlığa götürənin nikahına keçməlidir».

 

Uşaqların Hüquqlarını Müdafiə Assosiasiyasının rəhbəri Şiva Dövlətabadi isə qanuna kəskin etirazını bildirib: «Əgər hansısa bir uşağı qızlığa götürən qadın həmin qızın haçansa onun rəqibi və ya alternativi olacağını düşünərsə, o heç vaxt ona analıq edə bilməyəcək. Həmçinin əgər həmin qadın oğulluğa götürdüyü hansısa bir oğlan uşağına özünün gələcək həyat yoldaşı gözü ilə baxarsa, yenə ona ana ola bilməyəcək».

 

Qadın hüquq müdafiəçisi Turan Vəlimurad da jurnalistlərə açıqlamasında İran parlamentindəki qadın deputatlara kəskin etiraz bildirib: «Bu qanun cəmiyyətdə comərdliyə, rəhmət, insanlıq və mehribanlıq ruhunun güclənməsinə böyük zərbə vuracaq və yalnız şəhvətpərəstliyi, sərhədsiz ehtirası və uşaqlarla cinsi əlaqə yaratmaq meylini gücləndirəcək. Bu həm də cəmiyyətdə bu günə qədər olan bütün dini və insani dəyərlərin məhvinə gətirib çıxaracaq».

 

Beləliklə, övladlığa götürüləcək yeniyetmə qızların atalıqlarına ərə getməsməsi məsələsi ayətullah Xamneyindən asılı vəziyyətdədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar