Türkiyənin ən nüfuzlu xəbər kanallarından biri olan NTV-də istefalar başlayıb.
APA-nın xəbərinə görə, istefaların səbəbi bu telekanalın İstanbulda və ölkə miqyasında keçirilən etiraz aksiyalarını zəif işıqlandırmasıdır.
Telekanalın xəbər prodüseri Ömər Aykar, NTV-nin daxil olduğu “Doğuş” yayın qrupunun digital redaktoru və “NTV Radio”nun aparıcısı Dilara Eldaş vəzifələrindən istefa veriblər. D. Eldaş qərarını “Twitter” vasitəsilə açıqlayıb: “Çox sevdiyim, illərdir çalışdığım NTV-ni, öz məktəbimi tərk etdim. İstefa verdim. Yəqin ki, bundan sonra simit satacağam”.
NTV-də veriliş aparan Türkiyənin tanınmış fotoqrafı Mehmet Turqut da telekanaldan ayrıldığını bəyan edib. O, Taksim meydanında və ölkə miqyasında keçirilən etiraz aksiyalarına medianın münasibətini protest etmək məqsədilə bu qərara gəldiyini bildirib.