Lent.az “Tamaşa dünya” layihəsi çərçivəsində yeni silsilə materialların yayımına başlayır. İndiyədək Azərbaycanın müxtəlif bölgələrindən fotolentlər təqdim etdiyimiz layihədə bu dəfə Yaxın Şərqin ən qaynar və əlamətdar yerlərindən fotomateriallar təqdim edəcəyik. Əməkdaşlarımızın ilk səfəri İraqın Kərbəla şəhərinədir...
Kərbəla İraqın paytaxtı Bağdadın cənub-qərbində, 100 km aralıda yerləşir. Lent.az-ın məlumatına görə, şiəlik və ələviliyin mərkəzlərindən biri olmaqla yanaşı Məkkə, Mədinə, Nəcəf şəhərlərindən sonra müsəlmanların ən müqəddəs şəhərlərindən hesab olunur.
2003-cü il siyahıyaalmasına görə, əhalisi 575 minə yaxındır. Bundan əlavə, dünyanın bir çox yerindən, xüsusilə əhalisi şiə müsəlmanlar olan ölkələrdən hər il bura 10 milyonlarla insan ziyarətə gəlir.
Məhərrəmlik ayının Tasua və Aşura günləri bu şəhərə 20 milyona yaxın zəvvar gəlir. Buna görə də əhalisi gündəlik həyatını ticarətlə keçirir...
Kərbəlanın daxili hissəsində şiə müsəlmanların üçüncü imamı Hüseynin və qardaşı Abbasın məzarı var. Onların məzarlarının hər birinin üzərində böyük bir kümbəz ucalır. Bu kümbəzlərin üz hissəsi qızıldandır.
Türbə kompleksinin ön hissəsində Azərbaycanın böyük şairi Məhəmməd Fizulinin məzarı yerləşir.
Müsəlmanların birinci imamı Həzrəti Əlinin məzarı olan Nəcəf şəhərindən Kərbəlaya olan məsafə 100 km-dən azdır. Amma biz bu məsafəni 3 saata yaxın vaxta qət elədik. Çünki təqribən hər bir km-dən bir yoxlama-keçid məntəqələri var və hər keçiddə maşınlar və sərnişinlər dərindən yoxlanılır. Məhz buna görə də digər şəhərlərlə müqayisədə Kərbəlada terror hadisələri az baş verir.
Kərbəla şəhərindən bu günlərdə hazırladığımız fotolenti təqdim edirik.
Cahangir Yusif,
fotoqraf və fotojurnalist