İsrail Suriyaya hücumlarını davam etdirir.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gecə İsrail Dəməşq ətrafındakı Kaddasiya, Camaray, El-Qama və Prezident Qvardiyasının iki briqadasının yerləşdiyi Sabura rayonlarına bir neçə raket zərbəsi endirib.
Camaray rayonundakı silah anbarı və Hərbi Təhqiqat Mərkəzi də vurulub. Ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar yayılır. “Damas-Post” qəzeti 300 hərbçinin öldüyü, “Al-Mayadin” 4 nəfərin öldüyü, 70 nəfərin yaralandığı barədə məlumat yayıb.
Suriya Nazirlər Şurası İsrailin aviazərbələrini elan edilməmiş müharibə, eyni zamanda müxalif Azad Suriya Ordusu ilə İsrailin birgə hərəkət etməsinin sübutu kimi qiymətləndirib. Suriya ordusu növbəti hücumdan sonra İsrailə cavab zərbəsinin endirilməsi üçün hazır vəziyyətə gətirilib. Rəsmi Dəməşq Fələstin qruplaşmalarına Colan yüksəkliklərində İsrail əleyhinə əməliyyat keçirməsinə də icazə verib. Eyni zamanda Suriya bəyan edib ki, bundan sonra “Hizbullah” Hərəkatını müasir silahlarla təchiz edəcək.
BMT baş katibi Pa Gi Mun regionda yaranmış vəziyyətdən narahatlığını bildirib və bütün tərəfləri maksimum səbrli və təmkinli olmağa çağırıb.