Bu gün yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 08:30) İranda XI dövr prezident seçkilərində səsvermə başlayıb.
APA-nın məlumatına görə, ilk dəqiqələrdə İranın ali dini lideri ayətullah Əli Xamneyi Tehran şəhərindəki İmam Xomeyni məscidində yaradılmış seçki məntəqəsində səs verib.
Səsvermə 10 saat davam edəcək və yerli vaxtla 18:00-da (18:30) başa çatacaq. Zərurət yarandığı təqdirdə səsvermənin vaxtı uzadıla bilər.
İranda səsvermə hüququna malik vətəndaşların sayı 50 mln. 483 min 192 nəfərdir. İran vətəndaşları ölkə daxilində 60 min seçki məntəqəsində yaradılmış 130 səsvermə qutusunda səs verəcəklər. Ölkə xaricində yaşayan İran vətəndaşları isə prezident seçkilərində 5 qitədə, 96 ölkədə, 128 nümayəndəlikdə səs verməklə iştirak edə biləcəklər. Bunun üçün 290 səsvermə qutusu qoyulub. İran vətəndaşları səs verə bilmək üçün şəxsiyyətlərini təsdiqləyən pasportlarını təqdim etməlidirlər. Azərbaycandakı İran vətəndaşlarının səs verə bilməsi üçün bu ölkənin bakıdakı səfirliyində də seçki məntəqəsi yaradılıb.
Seçkiləri 39 ölkədən 421 jurnalist müşahidə edəcək. Bu turda prezidentliyə namizədlərdən heç biri seçicilərin səsinin 50%-ni (50+1) ala bilməsə, iyunun 21-də ikinci tur olacaq.
İran prezidentliyi uğrunda Məhəmmədbağır Qalibaf, Əli Əkbər Vilayəti, Səid Cəlili, Həsən Ruhani, Möhsün Rzayi və Məhəmməd Qərəzi mübarizə aparır. Bu şəxslərdən biri 4 il müddətinə İran prezidenti seçiləcək. Seçkilərin nəticələri İran Daxili İşlər Nazirliyi tərəfindən açıqlanacaq, daha sonra isə İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negəhban) təsdiqləyəcək.