ABŞ Senatı İrana qarşı yeni sanksiyaların təxirə salınmasını qəbul edib.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, ABŞ Senatının Bank Komitəsinin üzvləri Robert Menendez və Mark Kirk Barak Obama Administrasiyasının bununla bağlı onları razı salmağı bacardığını bildirib. Hər iki konqresmen yaydıqları açıqlamada İranın nüvə siyasətini nəzərdən keçirməsi məqsədilə bu ölkəyə yeni fürsət tanımaq üçün əlavə sanksiyalar qanununu hələlik ABŞ Senatına təqdim etməyəcəklərini vurğulayıblar.
Qeyd edək ki, oktyabrın 31-də axşam saatlarında ABŞ hökumətinin bir qrup nümayəndəsi ilə amerikalı senatorlar arasında İrana qarşı yeni sanksiyalar məsələsi ilə bağlı ortaq toplantı keçirilib. Yığıncaqda ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, maliyyə naziri Cek Lo və digər rəsmilər iştirak ediblər.
Toplantıda ABŞ hökuməti demokrat və respublikaçı senatorlardan İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri səbəbindən rəsmi Tehrana qarşı mülayim davranılması və bu ölkəyə qarşı sanksiyaların təxirə salınmasını istəyib. Barak Obama Administrasiyası İranın nüvə məsələsinin qısa zamanda həll edilməsi qeyri-mümkün və zamana ehtiyacı olan mövzu olduğunu vurğulayıb.