İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi Tehranın Forddakı uran zənginləşdirmə zavodunun fəaliyyətini dayandıracağı barədə yayılan xəbərləri təkzib edib.
Lent.az-ın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Əli Əkbər Salehi İran hökumətinin belə bir planının olmadığını bəyan edib.
Qeyd edək ki, sentyabrın 16-da Almaniyanın “Der Spiegel” nəşri alman kəşfiyyatına istinadən İran prezidenti Həsən Ruhaninin Fordda dağın altında fəaliyyət göstərən uran zənginləşdirmə zavodunun fəaliyyətini dayandırmağa hazır olduğu barədə məlumat yayıb. “Der Spiegel” yazıb ki, Həsən Ruhani bunun əvəzində Qərbin İrana qarşı sanksiyalarının ləğvini istəyir. Həsən Ruhaninin beynəlxalq ekspertləri zavodun bağlanması prosedurunu izləməyə dəvət etməyə söz verdiyi də qeyd olunub.