İran 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzəinin binası qarşısında törədilmiş terror aktının Argentina ilə birlikdə araşdırılmasına dair memorandumu təsdiqləyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bunu Argentinanın xarici işlər naziri Ektor Timerman bildirib.
O, bu bəyanatı iranlı həmkarı Məhəmmədcavad Zəriflə apardığı danışıqlardan sonra verib. Argentinalı nazir qeyd edib ki, bu, BMT Baş Assambleyası çərçivəsində apardığı ən uzun söhbətdir.
Məlumata əsasən, Argentina ilə İslam Respublikası sözügedən memorandumu bu ilin əvvəlində imzalayıb. Ancaq ötən bu müddət ərzində Tehran istintaqın birgə aparılmasına razılıq verməyib.
Argentinanın prezidenti Kristina Fernandes de Kirşner BMT Baş Assambleyasının kürsüsündən İran rəsmilərini bu məsələni «ölü nöqtədən» tərpətməyə çağırıb.
Timermanın sözlərinə görə, bu il noyabrın birinci yarısında iki tərəf arasında görüşün keçiriləcəyi planlaşdırılıb. Onda «yol xəritəsi» də hazırlanacaq.
Argentinalı diplomatın fikrincə, memorandum İranın ali müdafiə şurası tərəfindən təsdiqlənib, icraat üçün yalnız ayətullah Seyid Əli Xamneyiinin imzası qalıb.
Xatırladaq ki, 1994-cü ildə Buenos –Ayresdə baş vermiş partlayış nəticəsində
85 nəfər həlak olmuş, 200-dən çox dinc sakin yaralanmışdı.
Baş vermiş teraktın təşkilatçıları sırasında İranın bir sıra dövlət liderləri, o cümlədən həmin illərdə prezidentlik edən Haşimi-Rəfsəncanin də adı çəkilir.