Dünən Gürcüstanda prezident seçkiləri keçirilib. Lent.az-ın məlumatına görə, seçkilərin ilkin rəsmi nəticələrinə əsasən Gürcüstanın yeni prezidenti səslərin 62,19 faizini toplayan Georgi Margvelaşvilidir.
G. Margvelaşvili prezident seçkilərinə hakim koalisiyanın namizədi kimi qatılmışdı. İlkin nəticələrə görə, onun ən yaxın izləyicisi səslərin 21,86 faizini toplayan David Bakradzedir. D.Bakrazde Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin partiyasından namizəd olub. Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze isə 10,04% səs qazanıb.
Qeyd edək ki, G.Margvelaşvili prezident seçilənə qədər baş nazir İvanişvilinin müavini idi, həmçinin, elm və təhsil naziri vəzifəsini tuturdu.
G.Margvelaşvili 1969-cu il sentyabrın 4-də anadan olub. O, Tbilisi Dövlət Universitetinin məzunudur. Fəlsəfə elmləri doktorudur.
Margvelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib.
2012-ci ildən İvanişvili hökumətində təmsil olunub.
İngilis və rus dillərini bilir.