Gürcüstanın Poti şəhərində sosial şəbəkə vasitəsi ilə planlaşdırılan Rusiya dövlət bayrağının yandırılması aksiyası keçirilib. Lent.az-ın «Qruziya onlayn»-a istinadən verdiyi məlumata görə, bununla da yerli sakinlər şəhərin mərkəzində Aqmaşenebeli küçəsində Rusiya bayrağının asılmasına qarşı etiraz aksiyasına dəstək veriblər.
«Fazisoba 2013» beynəlxalq musiqi festivalı iştirakçısı olan ölkələrininki ilə yanaşı Rusiyanın da bayrağı asılıb. Poti meri David Sarsaniya isə tədbirə Rusiyanın dəvət olunmadığını bildirib. Onun sözlərinə görə, Rusiya bayrağının yandırılması xəbərini aldıqdan sonra şəhərin çeşidli yerlərində asılmış başqa ölkələrin də bayraqlarının yığışdırılmasına dair göstəriş verib.