Türkiyə hökuməti aksiyaçılara qarşı zorakılıqla bağlı üzr istəyib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbulda Gezi Parkında ağacların kəsilməsinə etiraz olaraq başlayan və polisin zorakılığından sonra hökumət əleyhinə çevrilən, bir həftədir ki, davam edən aksiyalarla bağlı Türkiyə prezidenti Abdulla Gül baş nazir Rəcəb Tayyib Ərdoğanı təmsil edən baş nazirin müavini Bülənd Arıncı görüşə dəvət edib.
Bu gün görüşdən sonra mətbuat konfransı keçirən Bülənd Arınc deyib ki, prezidentin təlimatlarını alıblar. Onun sözlərinə görə, ilk olayda ətraf mühitin qorunması istəyi ilə aksiya keçirənlərə qarşı həddən artıq zorakılığa yol verilib: “ O insanlarımızdan üzr istəyirəm. Mən baş naziri təmsil edirəm və danışdıqlarım da hökumətin bu məsələ ilə bağlı mövqeyidir. Zorakılıqdan uzaq aksiyaları hörmətlə izlədiyimizi söyləmək istəyirəm. Ancaq küçələrdə təxribata yol verənlərə üzr borcumuzun olduğunu düşünmürəm. Təhlükəsizlik və kəşfiyyat qurumlarımız da zorakılığın, təxribatların qarşısını almaq üçün çalışır. Cəmiyyətin ortaq arzusu küçələrdə zorakılığın olmamasıdır, iki gündür ki, zorakılıq və vandalizm mahiyyətli hərəkətlər də azalmağa başlayıb”.
Bülənd Arınc polisin aksiyaçılara qarşı sərt davranışının ciddi etiraza səbəb olduğunu etiraf edib və bununla bağlı araşdırma başlanıldığını söyləyib.
Qeyd edək ki, son dövrlər Türkiyədə AKP hökumətinin atdığı addımlar dünyəvi dövlət quruluşuna, dünyəvi dünya görüşə malik insanların həyatına qarşı açıq müdaxilə sayılır. Bu sırada Türkiyə iqtisadiyyatında önəmli rol oynayan turizm sektoruna ciddi zərbə vura biləcək qadağalar da var. Bülənd Arınc isə bu gün keçirdiyi mətbuat konfransında fərqli dünya görüşlü insanlara da hörmətlə yanaşdıqlarını da dilə gətirib: “Fərqli yaşam tərzləri bizim üçün son dərəcə önəmlidir. Yaşam tərzi ilə bağlı ağır təzyiqlə üzləşmiş insanlar olaraq yaşadıqlarımızı başqalarına yaşatmamağa çalışmışıq. Bizə səs verməyən vətəndaşlarımızı da anlamağa çalışdıq. İnadla cəmiyyətə qarşı durmamağa çalışdıq ”.