Ermənistanla İslam Respublikası arasında ələdə edilmiş razılaşmaya əsasən, İran hər il bu ölkəyə 1,1 milyard kub metr təbii qaz ixrac etməlidir.
Lent.az-ın erməni informasiya vasitələrinə istinadən məlumatına görə, ixracat bundan 3 dəfə azdır.
Daşnak partiyasının üzvü, deputat Artsvik Minasya bu məsələ ilə bağlı ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyana sorğu ünvanlayıb.
Suala cavabında nazir deyib ki, İrandan qaz idxalı qarşılığında Ermənistan İslam Respublikasına elektrik enerjisi verməlidir, ancaq «sistemə zərər yetirmədən bu enerjini» qonşu dövlətə verə bilmirlər.
«Özəlliklə yeni Ermənistan-İran yüksək voltlu elektrik ötürücü xətti hələ hazır deyil. Bu layihə İran tərəfinin ucbatından gerçəkləşdirilməyib. Gələn ilin ortalarına bu xətt hazır olacaq. Onda İrandan bir milyard kub metr qaz idxal olunacaq və İslam Respublikasına 3- 3,5 milyard kVt elektrik enerjisi ötürüləcək».
Xatırladaq ki, bir müddət öncə İrəvan rəsmiləri İran təbii qaz idxalatının azalmasını İrandan aldıqları «mavi yanacağın» qiymətinin Rusiyadan aldıqlarına nisbətdə baha olması ilə əlaqələndirirdilər.