Arazın suyu Urmiya gölünə axıdılacaq
28 sentyabr 2013 16:13 (UTC +04:00)

Arazın suyu Urmiya gölünə axıdılacaq

“Urmiya gölünün əvvəlki vəziyyətinə qayıtması üçün möcüzə gözləməməli, birlikdə işləməliyik”.

 

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın energetika nazirinin proqramlaşdırma və iqtisadi məsələlər üzrə müavini Əlirza Daimi bildirib.

 

Onun sözlərinə görə, Araz çayından Urmiya gölünə suyun axıdılması İran hökumətinin həll yollarından biridir: “İran qonşu ölkələrlə imzaladığı protokollar əsasında Araz çayının suyunu Urmiya gölünə axıdacaq. Ancaq bu addım da kifayət deyil. Bəzi layihələr də sırf bu bölgənin içməli su, sənaye və kənd təsərrüfatında olan ehtiyacını təmin etmək məqsədi daşıyır. Yəni Urmiya gölünün nicatı üçün həll yolu hesab edilmirlər”.

 

Ə. Daimi deyib ki, Urmiya gölünə axan çaylar üzərində tikilməsi üçün layihələndirmə işləri aparılan və inşa edilməkdə olan su bəndlərində fəaliyyətlər dayandırılıbdır: “Əgər lazım gələrsə, bu layihələr tamamilə dayandırılacaq. İnşa edilmiş su bəndlərinin ehtiyatında 7.1 milyard kubmetr su var. Ehtiyac olduğu təqdirdə bu su miqdarını gölə doğru buraxa bilərik və bölgənin əkinçilərinə də onların kənd təsərrüfatı üzrə ehtiyaclarını təmin edə bilməyəcəyimizi söyləyə bilərik. Amma bu su bəndlərindən bölgənin içməli suyunun təmin edilməsi üçün də istifadə edilir  və bu da başqa bir problemdir”.

 

Nazir müavini vurğulayıb ki, Urmiya gölündəki ekoloji fəlakətə oxşar problem başqa yerlərdə də mövcuddur: “Urmiya gölü qapalı bir su hövzəsidir və kənar təsir də çox tez bir zamanda özünü göstərir. Digər su hövzələri ya dənizə bağlıdırlar,  ya da Urmiya  gölünün təbii şəraitinə malik deyillər”.

 

Ə. Daimi bildirib ki, Urmiya gölü ilə bağlı həyata keçirilən tədqiqatlar zamanı mütləq digər su hövzələrindəki təcrübələrdən də istifadə ediləcək.

 

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadratmetr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926
avatar

Oxşar yazılar