Kanadada bazara çıxarılan şokolad məhsulları ilə bağlı qiymət razılaşmasında günahlandırılan “Nestle”, “Mars”, “Cadbury Adams” və “Hershey” şirkətləri 23,2 milyon dollar kompensasiya ödəməyə hazır olduqlarını bildiriblər.
Lent.az-ın “The Huffington Post” qəzetinə istinadən verdiyi məlumata görə, şirkətlərin hüquqşünasları məhkəmədən kənar məsələnin tənzimlənməsi üçün Kanada Federal Prokurorluğu ilə razılıq əldə ediblər.
Şirkətlər günahlarını etiraf etməsələr də, prokurorluğun araşdırmasından və gələcəkdə itkilərdən qaçmaq üçün bu addımı atmağa qərar verib. Bundan öncə Kanada hüquq-mühafizə orqanları bu şirkətlərin təmsilçilərinin 2005-2007-ci illərdə restoran, kafe və konfranslarda görüşlər zamanı istehsalın həcmi və qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı razılığa gəldiklərinin üzə çıxarıldığını açıqlayıb. Yalnız “Hershey” şirkəti günahını etiraf edib və 4 milyon dollar cərimə ödəməyi öhdəsinə götürüb. Əgər şirkətlərin günahı məhkəmədə təsdiqini tapsa, bu halda şirkətlərin hər biri 25 milyon cərimə ödəməli olacaq.