Türkiyənin daxili işlər naziri Müəmmər Gülər jurnalistlərə açıqlamasında ölkədə son etiraz aksiyalarında 2 İran vətəndaşını tutduqlarını bildirib.
Lent.az-ın TRT telekanalına istinadən məlumatına görə, Gülər deyib ki, İran vətəndaşları etirazlara qatılaraq aksiyaçıları hökumətə qarşı təhrik etməkdə günahlandırılır: “Baş vermiş qarşıdurmalarda 7 xarici vətəndaş tutulub. Bunlardan ikisi iranlı, ikisi fransız, biri yunan, biri alman, biri amerikalıdır”.
Məlumatda bildirib ki, aksiyaçıları təhrik etməkdə günahlandırılaraq tutulan İran vətəndaşlarından biri Şayan Şamludur.
İyunun 6-da İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Əraqçi jurnalistlərə açıqlamasında ölkəsinin Türkiyədəki olaylarda müdaxiləsi ilə bağlı yayılan məlumatları təkzib edib: “İran İslam Respublikası Ankaradan bu məlumatlara görə rəsmən izahat verməsini tələb edib”.