<b>İran Avropa qarşısında şərtlər qoydu</b>
24 may 2018 01:15 (UTC +04:00)

İran Avropa qarşısında şərtlər qoydu

“İslam İnqilabının əvvəlindən bu günə kimi ABŞ İslam Respublikasına zərbə vurmaq üçün müxtəlif düşmənçilik edib”.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İranın rəhbər şəxsləri və dövlət işçiləri ilə görüşdə deyib.

 

“Bu düşmənçilik siyasi, iqtisadi, hərbi və təbliğat xarakterli olub. Bu işlərin hamısının məqsədi çevriliş olub. Bu yeni bir şey deyil. İran İslam Respublikası 40 il bundan öncəki illərlə müqayisədə çox geniş potensiala malikdir və öz hərəkətini davam etdirir. Onların bütün planları uğursuz olub. Bizim düşmənin məğlub olacağına heç şübhəmiz yoxdur”, deyə Ayətullah Xamenei qeyd edib.

 

Ayətullah Xamenei  nüvə proqramına dair  Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb: “Üç Avropa ölkəsi 2004-2005-ci illərdə nüvə müzakirələrində öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi.  Bu gün onlar  boyun qaçırmanı və sədaqətsizliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər.  Ötən iki il ərzində ABŞ  dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir. ABŞ 2231 nömrəli qətnaməni pozub. Avropa  ABŞ-ın bu qanunsuzluğuna qarşı  bir qətnamə qəbul etməlidir. Avropa öhdəlik götürməlidir ki, İslam Respublikasının regiondakı fəaliyyətlərini və raket məsələsini  gündəmə gətirməyəcək.  Avropa İslam Respublikasına qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır və ABŞ-ın sanksiyası qarşısında açıq aşkar durmalıdır.  Avropa İranın neft satışına zəmanət verməlidir.  Avropa bankları  İslam Respublikası ilə  ticarətə zəmanət verməlidirlər”.

 

Ayətullah Xamenei həmçinin qeyd edib ki, avropalılar  bizim bu istəklərimiz qarşısında  səhlənkarlıq etsələr  İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır: “Hərtərəfli Birgə Fəaliyyət Planının işləmədiyini görsək,  dondurulmuş fəaliyyətlərin yenidən bərpası çıxış yollarından biridir”.

 

Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.

 

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350
avatar

Oxşar yazılar