Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində qayığın batması nəticəsində azı 10 nəfər ölüb, 60 nəfər itkin düşüb.
Lent.az Reuters agentliyinə istinadən xəbər verir ki, ölkənin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyindən göyərtəsində 85 nəfərin olduğu gəminin güclü daşqın nəticəsində çevrilərək batdığı bildirilib.
Anambra əyalət qubernatoru verdiyi açıqlamada bildirib ki, hadisə nəticəsində 10 nəfər boğularaq həlak olub.
Əyalətin Dövlət Fövqəladə Hallar Agentliyinin rəhbəri aparılan xilasetmə işləri sayəsində şənbə günü axşam saatlarına kimi 15 nəfərin xilas olunduğu barədə məlumat verib.
Qeyd edək ki, bu il güclü daşqınlarla üzləşən Nigeriyanın 36 əyalətindən 29-u arasında Anambra da yer alır. Yarım milyon sakinin həyatına təsir edən təbii fəlakət nəticəsində evlərə, əkin sahələrinə və yollara güclü ziyan dəyib.