Bu gün Türkiyədə Atatürkü Anma Gənclik və İdman Günüdür. Bayramın qeyd olunması ölkədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə əlaqədardır.
Lent.az bildirir ki, 19 may Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Samsuna gəlişi və Qurtuluş Mübarizəsinin başladığı gün kimi qeyd edilir. Eyni zamanda, bu gün gənclik və idman bayramıdır. Bu münasibətlə hər il rəsmi tədbirlər, eləcə də gənclər və idmanın inkişafına dair estafet yarışları, nümayişlər, müsabiqələr, seminar və konfranslar keçirilir.
Bəli, bu bayramın qeyd olunması Türkiyədə 1919-cu il mayın 19-da Milli İstiqlal Müharibəsinin başladığı tarixlə bağlıdır.
Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bir sıra ərazisi müttəfiq dövlətlər tərəfindən işğal edildi. 1919-cu il 16 may tarixində 36-cı Osmanlı Sultanı IV Mehmet Vəhdəddin tərəfindən Mustafa Kamal paşa 9-cu Ordu Müfəttişi olaraq İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərildi, ayın 19-da Samsuna çatdı. Anadolunun mərkəzində milli mücadiləyə başlamağı planlaşdıran Atatürk bir gün sonra Osmanlının baş vəziri Damat Ferit Paşaya göndərdiyi teleqramda “İzmirin yunan əsgərləri tərəfindən işğalı milləti və ordunu çox kədərləndirib. Nə xalq, nə də ordu bu haqsız hücumu qəbul etməyəcək" sözlərilə hədəfini qapalı şəkildə ortaya qoyur.
Məhz bu mübarizə ilə Türkiyə xarici qüvvələrdən xilas edildi və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan olundu.
Mustafa Kamal Atatürkün Samsuna çatma tarixi olan 19 may onun öz istəyi ilə hər il Gənclik və İdman bayramı kimi qeyd edilib. Bayrama “Atatürkü Anma” əlavəsi isə 1981-ci ildə olunub və həmin vaxtdan bu günədək hər il rəsmi qaydada 19 may Atatürkü Anma, Gənclik və İdman bayramı kimi keçirilir.
Qeyd edək ki, 19 may həm də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün simvolik olaraq doğum günü kimi qeyd olunur. O, 1881-ci ilin may ayında Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.