Ölü dənizin su səviyyəsi sürətlə azalır. Son 50 ildə sahəsi təxminən üçdəbir kiçilib, keçmiş sahil zolağı ətrafında isə 6 mindən çox karst çuxuru yaranıb. Mütəxəssislər bu ekoloji fəlakətin qarşısını necə almaq barədə hələ də ortaq həll tapa bilmirlər.
Problemin əsas səbəblərindən biri İordan çayından gələn suyun kəskin azalmasıdır. Əvvəllər çay Ölü dənizə indikindən təxminən 13 dəfə çox su gətirirdisə, hazırda bu həcm ciddi şəkildə azalıb. Suyun azalmasının səbəbi İsrail, Suriya və İordaniyanın kənd təsərrüfatı üçün çaydan intensiv istifadə etməsidir.
İqlim dəyişikliyi və bölgədə güclənən quraqlıq isə vəziyyəti daha da ağırlaşdırır.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yerli turizm qayıqlarının kapitanı Ceyk Bin Zakenin sözlərinə görə, təcili tədbir görülməsə, dünya ən unikal təbiət möcüzələrindən birini itirə bilər.
Okeandan təxminən 10 dəfə daha duzlu olan və insanların suyun üzərində asanlıqla qalmasına imkan verən Ölü dənizin səviyyəsi hər il orta hesabla 1,2 metr azalır.
Mütəxəssislər bildirirlər ki, problemin əsas səbəbi insan fəaliyyətidir.
Digər səbəb sənaye fəaliyyətidir. İsrail və İordaniya tərəfində fəaliyyət göstərən şirkətlər dənizin şimal hissəsindən suyu buxarlanma hovuzlarına yönəldərək gübrə istehsalında istifadə olunan mineralları əldə edir. İqlim dəyişikliyi və bölgədə güclənən quraqlıqlar vəziyyəti daha da ağırlaşdırır.
Ölü dəniz kiçildikcə onun duzluluğu artır, duz kristalları dibə çökərək qəribə formalı duz fiqurları yaradır. Eyni zamanda yeraltı duz qatlarının əriməsi nəticəsində qəfil çökmələr əmələ gəlir. Hazırda dəniz ətrafında 6 mindən çox karst çuxuru yaranıb və bunlar biznesə, yerli əhaliyə, eləcə də turizm sektoruna təhlükə yaradır.
Ölü dənizi xilas etmək üçün müxtəlif planlar təklif olunur. Onlardan biri Qırmızı dənizdən milyardlarla dollar dəyərində boru xətti vasitəsilə su gətirilməsini nəzərdə tutur. Lakin yüksək xərc və regional əməkdaşlıq problemləri layihəni dalana dirəyib. Bəzi ekspertlər isə fərqli kimyəvi tərkibli suyun yosunlaşmaya səbəb ola biləcəyini düşünür.
Digər təklif İordan çayının təmizlənmiş tullantı suları ilə bərpasıdır. Üçüncü yanaşma isə sənaye şirkətlərinin su istifadəsini məhdudlaşdırmaq və ya onları daha çox ödəniş etməyə məcbur etməkdir. Ekoloqlar hesab edir ki, Ölü dənizdən gəlir əldə edən şirkətlərin qazancının bir hissəsi dənizin qorunmasına yönəldilməlidir ki, bu nadir təbiət möcüzəsi gələcək nəsillər üçün qorunsun.
Mütəxəssislərin sözlərinə görə, əsas problemlərdən biri siyasi səviyyədə təcili tədbir görülməsi hissinin olmamasıdır. Onlar bildirirlər ki, Ölü dənizin səviyyəsini bir neçə onillik əvvəlki vəziyyətinə qaytarmaq artıq mümkün deyil. Buna görə də diqqət dənizin su səviyyəsinin azalmasının sabitləşdirilməsinə yönəldilməlidir.