İranın daha 100 şirkəti yasağa məruz qalacaq
20 may 2011 17:19 (UTC +04:00)

İranın daha 100 şirkəti yasağa məruz qalacaq

“Röyter”in məlumatına əsasən, Avropa Birliyi yaxın günlərdə Tehrana qarşı iqtisadi sanksiyaların miqyasını önəmli şəkildə genişləndirə bilər.
Avropalı diplomatlardan birinin dediyinə görə, birliyin sanksiya siyahısına İranın daha 100 şirkəti düşə bilər: “Avropa Birliyinin sanksiyasına həftənin bazar ertəsi günü İranın daha 100 şirkəti düşə bilər” - deyə, diplomat söyləyib.
Onun sözlərinə əsasən, yasaqlar Almaniyanın Hamburq şəhərində yerləşən İranın “Europaeisch-Iranische Handelsbank”ına da şamil ediləcək.
Xatırladaq ki, Almaniya hökuməti bu banka artıq sanksiya tətbiq edib. Rəsmi Berlin bu maliyyə qurumunu nüvə materialları üzrə qanunsuz sövdələşmədə şübhəli bilir. Bu bank vasitəsi ilə beynəlxalq sanksiyalara məruz qalmış İran müəssislərinin maliyyə əməliyyatları gerçəkləşdirildiyinə dair çoxsaylı sübutlar var.
Onu da qeyd edək ki, bir neçə gün ərzində İran hakimiyyətinə qarşı yasaqlarla bağlı xəbərlər artıb. ABŞ-ın Maliyyə Nazirliyi İranın “Sənət və Mədən” bankına sanksiya tətbiq edib. Məsələyə dair nazirliyin yaydığı bəyanatda bildirilib ki, bu maliyyə qurumu Tehrana qarşı qoyulan yasaqlardan yayınmaq məqsədi ilə çeşidli qanunsuz yollardan yararlanaraq, hakimiyyətlə əlaqəsi olan və sanksiyalar siyahısına düşmüş 2 bankla əməkdaşlıq edib.

Nazirliyin rəsmisi Devid Kohen jurnalistlərə açıqlamasında deyib: “Yaxın günlərdə İranın nüvə proqramına yardım edən başqa maliyyə qurumlarına da sanksiya tətbiq ediləcək. İslam Respublikası qanunsuz maliyyə əməliyyatları keçirməklə məşğuldur”.

Ötən gün isə həmin nazirlik İran İnqilab Keşikçiləri Qvardiyası (“Sipah”) Qüds Ordusunun komandanı Qasım Süleymani və qvardiyanın zabiti Möhsün Çizəriyə qarşı sanksiya tətbiq edib. Onlar Suriyada keçirilən dinc etiraz aksiya iştirakçılarına qarşı zor tətbiq etməkdə və onlara odlu silahdan atəş açmaqda suçlanırlar.

Sanksiyadan bir gün öncə ABŞ-ın dövlət katibi Suriya rəhbərliyini müxalifəti əzməkdə İrandan örnək götürdüyünü bildirib: “Onlar müxalifəti əzmək üçün öz müttəfiqlərinin, İranın tətbiq etdiyi Ən iyrənc və qəddar üsulundan yararlanırlar. Habelə öz vətəndaşlarının haqq və istəklərinə hörmətsizlik göstərirlər”.

Məlumat üçün onu da bildirək ki, qvardiyanın Qüds Ordusu əsasən ölkə sərhədlərindən xaricdə hərbi, terror əməliyyatları həyata keçirir, siyasi-ideoloji təxribat işləri ilə məşğul olur. Bu hərbi birləşmə İran-İraq savaşı illərində İraqın daxilində savaş aparmaq məqsədi ilə yaradılıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar