İran alimlərini özəl taqım qoruyacaq
15 yanvar 2011 03:49 (UTC +04:00)

İran alimlərini özəl taqım qoruyacaq

Elə buna görə də İran prezidentinin elm və texnologiya üzrə müavini Nəsrin Sultanxah bildirib ki, ölkə alimlərinin təhlükəsizliyini təmin etmək üçün özəl taqım yaradılıb. Onun sözlərinə görə, bu təhlükəsizlik qurumu “milli elitar fondda qeydiyyatdan keçmiş” bütün alimlərin həyatını qoruyacaq.
Prezidentin müavini onu da vurğulayıb ki, həmin alimlərə xüsusi təlimlər keçiriləcək: “Onlara xarici casuslar tərəfindən yaranacaq potensial təhlükəli təmaslardan danışılacaq”.

Xatırladaq ki, hakimiyyət İsrail “Mossad”ına bağlı 10 nəfərlik casus şəbəkəsini aşkarlayaraq, onları tutduğunu bəyan edib. ETTELAAT-ın başçısı Heydər Müslehi keçirdiyi mətbuat konfransında İrana qonşu olan ölkələrin İsraillə əlaqəsindən də söz açıb.

Nazirin sözlərinə görə, 2010-cu il yanvarın 12-də qətlə yetirilmiş atom fiziki Məsud Əliməhəmmədinin ölümündə İsrail kəşfiyyatının rolu var.

“İsrailə casusluq etdiyi üçün bu günə qədər 10 nəfəri tutmuşuq” deyən Heydər Müslehi jurnalistlərdən birinin “tutulanların hamısı İran vətəndaşıdırmı” sualını belə cavablandırıb: “Tutulanlar bir neçə şəbəkəyə məxsusdur. Hazırda məsələni araşdırırıq. Lakin sionist rejimlə (İsraillə - red.) əlaqəsi olan qonşu ölkələr və bölgə dövlətləri bilməlidirlər ki, bu rejimə yaratdıqları hər bir şərait bölgə və İran İslam Respublikası üçün təhdid sayılır”.

2010-cu il noyabrın 29-da isə Tehranın iki çeşidli yerində Şəhid Behişdi adına Universitetinin (keçmiş İran Milli Universiteti) iki müəlliminin avtomobilinə qara motosikletçi “maqnit bombası” ataraq, gizlənmişdi. Professor Məcid Şəhriyarinin “Peugeot 405” markalı maşında baş vermiş partlayış nəticəsində o, yerindəcə keçinmiş, həyat yoldaşı və sürücü isə yaralanmışdı.

İkinci partlayış doktor Firudin Abbasi-Davanin “Peugeot 206” markalı avtomobilində baş vermişdi. Partlayış nəticəsində doktor və həyat yoldaşı yaralanmışdı. Qeyd edək ki, Firudin Abbasinin adı BMT Təhlükəsizlik Şurasının İrana qarşı qəbul etdiyi 1747 saylı qətnamədəki siyahıda da var.

İslam Respublikası rəsmiləri bir qayda olaraq, bu sayaq partlayışlarda ABŞ, İsrail və Britaniyanın kəşfiyyat qurumlarını suçlayır.

İran informasiya vasitələrinin bildirdiyinə görə, ETTELAAT naziri Heydər Müslihi deyib : “Müdafiə nazirinin keçmiş müavini Əlirza Əsgərinin İsrail həbxanasında öldürülməsinə inanmıram”.

Ə.Əsgərinin 2006-cı ildə oğurlandığı iddia edilir.

Ötən həftə İslam Respublikası xarici işlər naziri əvəzi Ələkbər Salehi bildirmişdi ki, Ə.Əsgərinin qaçırılması işi üzrə araşdırma komitəsi yaranıb. Müdafiə nazirinin keçmiş müavini Əlirza Əsgərinin 2006-cı ilin dekabrında İstanbuldan itkin düşdüyü haqda xəbərlər yayılmışdı.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 673

Oxşar yazılar