“Doktor Frankenşteyn” azadlığa buraxıldı
13 yanvar 2011 10:49 (UTC +04:00)

“Doktor Frankenşteyn” azadlığa buraxıldı

“İnterpol” tərəfindən Kosova və Azərbaycanda insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkənin Türkiyədəki əsas nümayəndəsi kimi axtarılan “Doktor Frankenşteyn” ləqəbli professor Yusuf Erçin Sönmez İstanbul Məhkəməsi tərəfindən azadlığa buraxılıb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, yanvarın 11-də Türkiyə polisi tərəfindən İstanbulda bir villada yaxalanan Yusuf Erçin Sönmez polis şöbəsinə gətirilərək ifadəsi alınıb, daha sonra isə ittiham elan olunması üçün prokurorluğa və məhkəməyə təhvil verilib.


İstanbul Məhkəməsi isə onu yaşayış yerindən kənara çıxmamaq və hər gün polis şöbəsinə gələrək imza atması şərti ilə azadlığa buraxıb. Yusuf Erçin Sönmez jurnalistlərin suallarına cavab olaraq deyib ki, insan orqanlarının alveri ilə bağlı hər hansı cinayət əməlinə yol verməyib: “Mən ədalətli məhkəməyə inanıram, başqa nəyə ümid bəsləməliyəm?”


O, İnterpolun orderi əsasında həbs edildiyini də inkar edib: “Mən ayda 2 dəfə xaricə gedirəm. Əgər mən “İnterpol” xətti ilə axtarışda olsam, ölkədən çıxa bilmərəm”. Bununla belə, Yusuf Erçin Sönmez Kosovada aparılan cinayət işi ilə əlaqədar dindirildiyini etiraf edib, ancaq məsələnin detallarına aydınlıq gətirməyib.


Qeyd edək ki, Kosovada axtarılan Yusuf Erçin Sönmez bu ilin avqustunda Azərbaycanda üzə çıxıb. Həmin vaxt Kosova hakimiyyəti həkimin saxlanılması və onlara təhvil verilməsi ilə bağlı “İnterpol”a müraciət edib. 2010-cu ilin noyabrında Avropa Birliyinin Prokurorluğu Kosovada “qara transplantasiya” ilə məşğul olan 7 nəfərə qarşı ittiham elan edib. İttihamda bildirilir ki, təqsirləndirilən şəxslər Moldova, Qazaxıstan, Rusiya və Türkiyədə aztəminatlı insanlardan 20 min dollara insan orqanları əldə edib və həmin orqanlar Kanada, Almaniya, Polşa və İsrail vətəndaşlarına 100-137 min dollara köçürülüb. 2008-ci ildə 20 belə cərrahi əməliyyat keçirilib. Kosovanın baş naziri Haşim Taci də qara transplantasiyada günahlandırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509

Oxşar yazılar