İran ordusunda “etibarlılar” saxlanılacaq
10 yanvar 2011 19:41 (UTC +04:00)

İran ordusunda “etibarlılar” saxlanılacaq

Ölkənin quru qoşunları komandanı briqada generalı Əhmədrza Purdəst belə bir planlarının olması haqda məlumat verib. Lent.az-ın “MIGnews”ə istinadən məlumatına görə, islahatlar hakimiyyətə sadiq hissələrdə aparılacaq.


General jurnalistlərə bu haqda belə deyib: «Ali baş komandan ayətulla Seyid Əli Xamneyi quru qoşunlarının yenidən qurulması planını bəyənib. Bu planı gerçəkləşdirməkdə məqsəd ordunun hərbi hazırlığını artırmaq, istənilən cəbhədən gözlənilən hədəyə cavab verməkdir. Düşmən bizə bir cəbhədən hücum etməyəcək. Odur ki, ölkənin istənilən bölgəsində həmləni dəf etməyə hazır olmalıyıq”.


Mənbənin məlumatına görə, briqada generalının bu bəyanatı İslam Respublikasının ali rəhbəri ayətulla Xamneyinin müdafiə məsələləri üzrə köməkçisi general Rza Pərdizin bir müddət öncə verdiyi açıqlama ilə ziddiyyət təşkil edir. Ali rəhbərin köməkçisi bildirmişdi ki, onlar “düşmənin istənilən həmləsini dəf etməyə hazırdırlar, xarici təhlükə mövcud deyil və gerçəkləşməsi mümkünsüzdür”.


“Heç bir düşmən hətta, ABŞ və Britaniya kimi nəhənglər belə İslam Respublikasının fəaliyyətini dayandıra bilməz. İran ordusunu potensialını və imkanların bilən düşmən bizmi hərbçilərin qarşısında duruş gətirməyə qadir deyil” – deyə, Rza Pərdiz vurğulamışdı.


Orduda aparılması nəzərdə tutulan “islahat”ı hakimiyyətin özünə ən etibarlı kadrları saxlaması kimi də dəyərləndirmək olar.

Xatırladaq ki, 2010-cu ilin sonunda xarici işlər naziri Mənçöhr Möttəki vəzifəsindən uzaqlaşdırıldı.

Möttəki ezamiyyətdə olduğu zaman istefaya göndərilməsinə belə münasibət bildirmişdi: “Xarici səfərdə ola-ola istefaya göndərilməyim siyasi və diplomatik etiketlərə zidd, təhqiramiz bir addımdır. İşdən çıxarıldığımı danışıqlar apararkən Seneqal rəsmilərindən eşitmişəm. Prezident mənim səfərimin 4 gün çəkəcəyini, azı iki ölkədə görüş keçirəcəyimi əvvəlcədən bilirdi. Bu qeyri-etik hərəkətləri dayandırın. Bu davranış tərzi nə sistemimizə başucalığı gətirir, nə də onun rəhbərlərinə, nə də əziz İran xalqının mədəniyyətinə uyğundur”.

“Onun vəzifəsindən azad ediləcəyindən xəbərsiz olduğu haqda verdiyi şərhlər doğru deyil” deyən İran prezidenti isə söyləyib ki, Möttəki İran hökumətinin sevdiyi hörmətli adamdır. Əhmədinejad bu məsələdə problemin olduğunu zənn etmədiyini demişdi.

2011-ci ilin ilk günü İran prezidenti Mahmud Əhmədinejad 14 müşavirini tutduqları vəzifədən azad edib. Prezidentin müşavirləri şurasının rəhbəri Mehdi Xurşidi jurnalistlərə açıqlamasında deyib ki, Əhmədinejad işdən çıxarılan müşavirlərə bundan sonra digər sahələrdə səmərəli xidmət arzulayıb: “Bu qədər müşavirin tutduqları vəzifədən azad olunması birbaşa Əhmədinejadın göstərişi ilə həyata keçirilib”.

Əhmədinejadın mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfikr isə jurnalistlərlə görüşündə 14 müşavirin birdən-birə işdən çıxarılmasını adi hal saydığını bildirib: “Burada qəribə heç nə yoxdur. Bu, adi haldır. OnlarınBunların bəziləri təqaüd yaşına çatmışdı, bəziləri də könüllü olaraq tutduqları vəzifədən azad olunmalarını istəmişdi. Prezident onların yerinə yeni müşavirlər təyin edəcək”.

İran prezidentinin mədəniyyət və mətbuat üzrə artıq keçmiş müşaviri Mehdi Kalhor 14 müşavirin, o cümlədən özünün tutduğu vəzifədən azad edildikləri faktını təsdiqləyib. Kalhor deyib ki, vəzifədən azad edilmələrinin səbəbi açıqlanmasa da, prezident tərəfindən “təşəkkür” məktubu da alıblar. Digər keçmiş müşavirlər hələlik bu məsələyə münasibət bildirməyiblər.

İşdən çıxarılan müşavirlər bunlardır: Mehdi Kəlhor, Muctaba Rəhmandust, Davud Daneş Cəfəri, Əbülfəzl Təvəkkoli Bina, Məhəmmədrza Etimadiyan, Kazım Vəziri Hamanə, Məhəmməd Səttari Vəfayi, Mehdi Çəmran, Məhəmməd Royaniyan, Əli Müntəziri, Əli Əsğər Zareyi, Mehdi Mostəfəvi, Hacəli Əkbəri və Susən Keşavərz.

Beləliklə, prezident aparatının ardınca “etibarlıların” hakimiyyətdə saxlanılması növbəsi indi ordudadır. “Düşməni” ilkin olaraq quru qoşunlarının qarşılayacağı ehtimalı böyük olduğundan, ilk olaraq ordunun bu növündə “islahatlar” başlaması da təbii görünür.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar