Basketbolçu, maliyyəçi, komissar, prezident xanım - HƏYAT HEKAYƏTİ
09 yanvar 2011 12:30 (UTC +04:00)

Basketbolçu, maliyyəçi, komissar, prezident xanım - HƏYAT HEKAYƏTİ

O, Litvanın ilk qadın prezidenti kimi adını TARİXƏ yazdı.

O, ölkəsinin Avropa Birliyinə inteqrasiyasında mühüm rol oynayıb. Avropa Komissarı vəzifəsini tutub.

O, 2005-ci ildə “Avropa Birliyinin xərclərini tədqiqat və inkişaf kimi sahələrə yönəltmə cəhdlərinə görə” “İlin Komissarı” elan olunmuş və ödülə layiq görülmüşdü.

O, Litvalı Böyük sərkərdə Qyadiminas ordeninin (25 iyun 2003-cü il) komandorudur.

O, 2008-ci ildə Litvada “ilin adamı” mükafatına layiq görülüb.

O, Böyük Vyatautas ordeni ilə təltif edilib.

Bu qadın əvvəllər Litvanın xarici işlər nazirinin müavini, maliyyə naziri və Maliyyə Planlaması və Büdcə üzrə Avropa Komissarı kimi önəmli vəzifələri tutmuş, 2009-cu il iyulun 12-dən bəri isə Litvanın ilk qadın dövlət başçısı olan, çox vaxt “Dəmir Ledi” kimi çağırılan Dalia Qribauskaitedir!

Dalia Qribauskaite 1956-cı ilin martın 1-də Vilnüsdə fəhlə ailəsində dünyaya göz açıb. Anası, Vitaliya Qribauskene satıcı, atası Polikarpas Qribauskene isə sürücü işləyirdi. Salomey Neris orta məktəbində oxuduğu illərdə, 11 yaşında idmanla məşğul olmağa başlayan Dalia, xüsusilə basketbola böyük maraq göstərsə də, həyatını peşəkar idmana bağlamır. Məktəbi bitirdikdən sonra - 1975-ci ildən 1976-cı ilədək təxminən bir il Litva SSR Dövlət Filarmoniyasında kadrlar şöbəsinin inspektoru vəzifəsində çalışan Dalia sonralar Leninqrad Dövlət Universitetinin axşam şöbəsində siyasi iqtisad üzrə təhsil alır.

Təhsil aldığı illərdə o, 1 saylı Leninqrad xəz fabrikində (hazırda “Rot-front na Smolenske” MMC) işləyir. 1983-cü ildə universiteti bitirdikdən sonra həmin il də Sovet İttifaqı Kommunist Partiyasına daxil olan Dalia Vilnüsə qayıdır. 27 yaşlı Dalia, Elmlər Akademiyasında işə düzəlir. Amma akademiyada işin azlığına görə o, Vilnüs Partiya Ali məktəbində 1990-cı ilədək siyasi iqtisad və qlobal iqtisadiyyatdan dərs də deyir. 1988-ci ildə o, Moskvada, Kommunist Partiyasının Mərkəzi Komitəsinin Sosial Elmlər Akademiyasında (indiki Rusiya Dövlət Qulluğu Akademiyası) doktorluq dissertasiyası müdafiə edir və 1990-cı ildən 1991-ci ilədək İqtisadiyyat İnstitutunun elmi katibi vəzifəsində çalışır.

Litvanın dövlət müstəqilliyi əldə etməsi ilə bağlı qapılar açılır və ölkə müstəqil şəkildə xarici siyasət aparmağa başlayır, Avropaya inteqrasiya siyasəti yürüdülür. Bir çox gənc insanlar üçün yaxşı fürsətlər və imkanlar yaranır. Onlar öz təhsillərini dünyanın nüfuzlu universitetlərində almaq və ya təkmilləşdirmək imkanı qazanır və aktiv siyasətə qoşulur. Dalia da onlardan biri idi. O, məşhur Corctaun Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr İnstitutunda (Vaşinqton) rəhbərlər üçün nəzərdə tutulmuş xüsusi proqramı bitirir.

Yüksəliş yollarında

Dalia Qribauskaite aktiv siyasətə çox gənc yaşlarından başlayıb. 1990-1993-cü illərdə xarici siyasət sahəsində karyerasına başlayan Dalia Qribauskaite 1991-1993-cü illərdə Beynəlxalq İqtisadi əlaqələr Nazirliyinin Avropa Şöbəsinin direktoru olur. Bundan sonra o, Xarici İşlər Nazirliyində İqtisadi Əlaqələr Departamentinin direktoru vəzifəni tutur və Litva ilə Avropa Birliyi arasında azad ticarətə dair müqavilə ilə bağlı danışıqlara rəhbərlik edir. Tezliklə Litvanın Avropa Birliyindəki missiyasının fövqəladə və səlahiyyətli elçisi təyin edilən xanım Qribauskaite burada AB-nin Avropa Sazişi müzakirələrində sədr müavini və Brüsseldə Milli yardım Koordinasiya qrupunda təmsilçi kimi çalışır.

1996-cı ildə xanım Qribauskaite ABŞ-ın Litvadakı səfirliyinə səlahiyyətli nazir təyin edilir. O, bu vəzifədə 1999-cu ildə Litva Maliyyə Nazirinin müavini təyin edilənə kimi çalışır. Bu vəzifəsinin bir hissəsi kimi o, Litvanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə müzakirələrinə rəhbərlik edir. 2000-ci ildə Dalia Qribauskaite xarici işlər nazirinin müavini, 2001-ci ildə isə Alqridas Brazauskas hökumətində maliyyə naziri olur. Onun nazir olduğu dövrdə Litvanın büdcə kəsiri 8,5 faizdən 1,2 faizə düşür və təbii ki, burada onun böyük xidmətləri olur.

Litvalı Avropa komissarı

2004-cü il mayın 1-də Litva ən vacib məqsədlərindən birinə nail olur. Ölkə Avropa Birliyinə daxil olur və elə həmin gün Dalia Qribauskaite Avropa Komissarı olur. 2004-cü ilin 11 noyabrına qədər Təhsil və Mədəniyyət üzrə Avropa Komissarı olduqdan sonra xanım Qribauskaite Jose Manuel Barrozonun rəhbərlik etdiyi komissiyanın nəzdində maliyyə planlaşdırılması və büdcəyə məsuliyyət daşıyan yeni vəzifəyə – Avropa komissarı vəzifəsinə təyin olunur. Onun bu vəzifədə aktiv və effektli fəaliyyəti özünü çox gözlətmədi. 2005-ci ilin noyabrında Dalia “İlin Komissarı” elan olundu. O, bu ödülə “Avropa Birliyinin xərclərini tədqiqat və inkişaf kimi sahələrə yönəltmə cəhdlərinə görə” layiq görüldü. Xanım komissar özü isə bunu belə şərh edirdi: “Mən adətən müsabiqələrdə iştirak etmirəm, ona görə də bu mənim üçün xoş sürpriz oldu. Bu sadəcə mənim işimin deyil, Avropa Birliyinə yeni perspektiv gətirən, irili-xırdalı bütün Birlik dövlətlərinin işinin qiymətləndirilməsidir. Bu, həmçinin, acı həqiqəti dilə gətirmək və Avropada siyasi ritorikanın real qiymətləndirmə cəsarətinə görə verilən ödüldür. Ancaq biz hələ də nəticələri gözləməliyik. 2007–2013-cü illər üçün Avropanın həqiqi ehtiyacı olan büdcə üzrə razılıq əldə edilməsi çox vacibdir.”

Maliyyə və büdcə komissarı kimi o, Abropa Birliyinin büdcəsini tənqid edərək onu “XXI əsrə uyğun olmayan büdcə” adlandırıb. AB-nin büdcəsinin çox hissəsi kənd təsərrüfatı proqramlarına sərf edilirdi. Dalia Qribauskaite 2008-ci ildə AB-nin büdcəsini təqdim edərkən, onun tarixində ilk dəfə olaraq, büdcədə artım və işlə təminat üzrə xərclər kənd təsərrüfatı və təbii sərvətlərdən də çox pay tuturdu.

O, tez-tez Baş Nazir Gediminas Kirkilasın başçılıq etdiyi Litva hökumətini gözlənilən maliyyə böhranına vaxtında cavab verməməkdə günahlandırırdı. Bu vəzifədə çalışan zaman xanım Qribauskaite həm Litvada, həm də onun hüdudlarından kənar böyük məşhurluq qazanmışdı. 2008-ci ildə o, Litvada “ilin adamı” mükafatına layiq görüldü. Bununla yanaşı Qribauskaite Litva hökumətinin yürütdüyü iqtisadi siyasəti qəti şəkildə tənqid edən şəxslərdən biri olaraq qalmışdır.

Komissar prezidentliyə namizəd olur

26 fevral 2009-cu ildə Daliya Qribauskaite rəsmi olaraq müstəqil namizəd kimi Prezidentliyə namizədliyini irəli sürdü. Onun namizədliyini irəli sürməsi həm mətbuat, həm də onun özü tərəfindən 2009-cu ilin yanvar ayında Litva Seyminin binası qarşısında iğtişaşlara gətirib çıxarmış iqtisadi durumun pisləşməsi ilə əlaqələndirilirdi. O, xüsusi açıqlamasında deyirdi: “Litva xalqı mənim Litvada olmağıma ehtiyac duyursa, mən ölkəmə qayıtmağa hazıram. Hesab edirəm ki, ölkəmizdə həqiqətin, şəffaflığın və məsuliyyətin bərqərar olmasını hamımız arzulayırıq. Hamımız qorxusuz, özümüzə, bir-birimizə və sabaha inamla yaşamaq istəyirik. Mən vətəndaşların dövləti olan və vətəndaş tərəfindən idarə olunan Litva yaratmaq və mənəviyyat, siyasət və iqtisadiyyatdan qara kölgələri uzaqlaşdırmaq üçün təcrübə, bilik və bacarıqlarımı tətbiq edə bilərəm və bunu istəyirəm. Buna görə də prezidentliyə namizədliyimi irəli sürürəm.”

Avropa komissiyasının qaydalarına uyğun olaraq, aprel ayının ortalarından xanım Qribauskaite Avropa komissarı vəzifəsinin icrasını dayandırdı. Artıq 2009-cu ilin fevral ayının rəy sorğularında o, reytinqinə görə birinci idi. Müstəqil (bitərəf) namizəd olmasına baxmayaraq, Mühafizəkarlar Partiyası və QHT-lərin çoxu onu dəstəkləyirdi. Dalia Qribauskaitenin namizəd kimi platforması əsasən yerli məsələlər üzərində cəmlənmişdi. Belə ki, güclü iqtisadi inkişafdan sonra Litva iqtisadi göstəricilərdə iki rəqəmli azalma ilə müşayiət olunan dərin iqtisadi böhranla üzləşmişdi. Mart ayında işsizlik səviyyəsi 15.5%-ə qalxmış və hökumətin azalmaya verdiyi cavaba qarşı yanvar ayının küçə etirazları daha kəskin xarakter almışdı.

Gerçəkliklərə uyğun xətt götürən Qribauskaite, seçki kampaniyası dövründə az gəlirliləri müdafiə etməklə, bürokratik sistemi sadələşdirməklə və hökumətin investisiya proqramını yenidən gözdən keçirməklə maliyyə problemlərinin öhdəsindən gəlməyin mümkünlüyünü vurğulayırdı. Bundan başqa o, Litva Prezidentinin ilkin vəzifəsi olan xarici siyasət sahəsində də yeni (daha balanslaşdırılmış) yanaşma irəli sürürdü.

Prezident seçkiləri 17 may 2009-cu il tarixdə keçirildi. Dalia Qribauskaite 68.18% səs toplayaraq əksər səs çoxluğu ilə qalib gəldi. Seçkilərdə qalib gəlməklə Dalia Qribauskaite yalnız Litvanın ilk qadın prezidenti olmadı, o həm də ölkəsində prezident seçkilərində ən çox səs toplayan namizəd kimi tarixə düşdü!

Siyasi analitiklər Qribauskaitenin asan qələbəsini onun maliyyə sahəsində peşəkarlığı, nüfuzu və yerli qalmaqallardan uzaq olmaq bacarığı ilə bağlayırdılar.

O, Litvanın ilk qadın prezident olaraq and içdi. Tərəfdarlarının böyük həyəcanla izlədiyi mərasimdə prezident deyirdi: “Mən, and içirəm ki, Litva Respublikasını, onun xalqını və konstitusiyasını qoruyacaq, qanunlara hörmət göstərərək, onlara əməl edəcək və Litvanın torpaq bütünlüyünü müdafiə edəcəyəm;
and içirəm ki, öz vəzifəmi vicdanla, namusla yerinə yetirəcək, hər kəsə bərabər hüquqlar tanıyacağam.
and içirəm ki, bütün gücümü Litvanın müstəqilliyinə, Vətənə xidmətə həsr edəcək, demokratiya və Litva insanının yaxşı yaşamasına yönəldəcəyəm. Tanrı mənə yar olsun!”

Andiçmə mərasiminin sonunda, parlament binasının yanında artıq yeni prezidentin onlarla pərəstişkarı durmuşdu. “Ölkə etibarlı əllərdədir” – bəziləri əllərində bu cür sözlər yazılan plakatlar tutmuşdular. Əksər vətəndaşlar Kafedral meydanına doğru axışırdılar, burada əsgərlər parada hazırlayırdılar. Bəzi qoşun rəhbərləri yeni Ali Baş komandanın gəlişi öncəsi nəzərəçarpacaq dərəcədə həyəcanlı idilər. Bu, xüsusilə də özünü Qribauskaitenin rəis və generallarla tanışlığı zamanı büruzə verirdi. Bəziləri prezidentin yalnız barmaqlarının ucunu yüngülcə sıxırdılar, sanki onlar büllurdan idilər və möhkəm əl sıxmadan ovulub töküləcəkdilər, bəzi cəsarətlilər isə ölkənin rəhbərinin uzadılmış əlini cəsarətlə sıxırdılar. Onların özü üçün də çox maraqlı idi. İlk dəfə Ali Baş Komandan qadın olacaqdı!

Prezident sarayının şpilindən Valdas Adamkusun şəxsi bayrağı salınıb, Dalia Qribauskaitenin bayrağı asıldığından, eks-prezident öz reqaliyalarını ölkənin yeni rəhbərinə təqdim etdikdən və qədim topdan atılan yayım atəşlərindən sonra dövlətin yeni başçısı tam şəkildə vəzifənin icrasına başladı. Xalqına müraciətlə: “Mənim bu vəzifəni tutmağım sizin istəyinizin və mənim öz müqəddəratımı təyin etməyimin nəticəsidir. Hakimiyyətə şöhrət və ya pul naminə gəlmirlər. Siyasət – biznes növü deyildir. Bu, istəkdir! Mən insanlara rəhbərlik etmək üçün deyil, onlara xidmət etmək üçün gəlmişəm! Həyatı yaxşılaşdırmaq və Litvanın möhkəmləndirmək – mənim üçün böyük mükafat və məqsəddir” - dedi.

O, artır prezident kimi Litvanın gələcəyi üçün hər kəsi daha məsuliyyətlə olmağa və birlikdə çalışmağa dəvət edirdi. Eyni zamanda ölkə ilə bağlı bugünkü və gələcək düşüncələrini də açıq şəkildə cəsarətlə deyirdi: “Azadlıq və demokratiya coşqusu ürəkdə yaranır. Dövlət də ürəkdə yaranır. Necə dövlət istədiyimizi, özümüzün necə olduğunu dərk etməmiz üçün min il kifayət idimi? Bu gün məni əhatə edən və bütün Litvadan gəlmiş hörmətli bayraqdarlar! Şəhər və qəsəbələrimizdə hakimiyyətin insana olan nifrətinin, qanuna hörmətsizliyinin, ədalətsizliyin kifayət qədər olduğunun özünüz şahidisiniz.

Gəlin dövləti özümüz quraq! Gəlin özüldən – yerli hakimiyyətdən başlayaraq.

Merləri və ağsaqqalları gəlin birbaşa seçək, gəlin yerli siyasətçiləri öz seçiciləri qarşısında hesabat verməyə məcbur edək. Lakin gəlin yanlış yola dönməyək. Əgər biz boş vədlərə səs versək, yaxud açığa, aldatmaya şirniksək, yaxud özümüz satın alsaq - onda demokratiya parodiyaya çevriləcəkdir.

Əziz həmvətənlər! Litvanı gəzərkən mən insanların bir-birinə olan nifrətini, özünü məhv etməsini gördüm. Yoxsulluq və cah-calal arasında böyük uçurum mövcuddur. Litvada qarşıdurma hökm sürür. Mən Litvanı barışığa çağırıram! Biz bir xalq, bir dövlətik. Yalnız birgə zəhmətlə biz Litvanı iqtisadi, siyasi və mənəvi tənəzzüldən xilas edə bilərik”.
Andiçmə mərasimindən bir neçə gün sonra əksər siyasətçilərin qeyd edirdilər ki, prezidentin çıxışı kifayət qədər konkret idi və bir sıra vədlər verirdi və yeni lider xalq arasında həqiqətən də fantastik məşhurluğunu qoruyub saxlamaq istəyirsə, bu vədlərə indi əməl etməsi lazımdır. Onun xalqa vədləri isə böyükdür və onların yerinə yetirilməsindən prezidentin özünün də dediyi kimi sözün əsil mənasında Litvanın gələcəyi asılıdır!

Prezident səlahiyyətlərini 12 iyul 2009-cu ildə qəbul edən Dalia Qribauskaite ilk olaraq öz məvacibini azaltdı. O, öz prezident məvacibinin yarısını (312,000 lit) qəbul etdi.
O, hələ az müddət keçməsinə baxmayaraq verdiyi vədlərin həyata keçirilməsi istiqamətində ciddi addımlar atır və uğurlar əldə edir. Ölkəsinin beynəlxalq aləmdə nüfuzunun qaldırılmasını özünün prioritetlərindən biri elan edən prezident ölkəsinin beynəlxalq arenada daha aktiv rol oynaması istiqamətində əlindən gələni edir. Məsələn, Litva prezidenti “Dondurulmuş” münaqişələrin nizamlanması proseslərinin Litvanın ATƏT-ə sədrliyi dövrində prioritet olacağını vurğulayıb. Dalia Qribauskaytenin nümayəndəsi bəyan edib ki, “Prezident və xarici işlər nazirinin Qafqaz regionuna və digər qaynar nöqtələrə səfərləri nəzərdə tutulub. Oradakı vəziyyəti öyrənmək, araşdırmaq və ümumilikdə ATƏT üçün həllini tapmaq lazımdır”.

Dalia Qribauskayte isə bəyan edib ki, Litva təşkilata sədrliyi dövründə “dondurulmuş” münaqişələrin həllində tərəqqiyə nail olmaq, yeni təhlükələr, o cümlədən enerji izolyasiyası və kibernetik təhlükələrlə mübarizədə əməkdaşlığı möhkəmləndirməyə çalışacaq.

“Litvanın Dəmir Ledisi” ölkəsində ən çox səs toplamış bir prezident kimi xalqın ona ümidlərini və etimadını qoruyub saxlamaq və ilk qadın prezident olaraq ölkəsində qadınların hakimiyyətin ən yüksək postunu gələcəkdə də tutması üçün daha uğurlu cığır açmaq istiqamətində yorulmadan çalışır!

Öz doğma dili ilə yanaşı, ingilis, rus, fransız və polyak dillərini də bilən Dalia Qribauskaite, Marqaret Tetçeri və Mahatma Qandini özü üçün siyasi örnək hesab edir. Natiqlik qabiliyyətinə və karatedə “qara kəmər” sahibi olmasına görə beynəlxalq mətbuat onu “Litvanın Dəmir Ledisi” adlandırır! Bu ad Marqaret Tetçer kimi onun da xoşuna gəlir və özünün aktiv və uğurlu fəaliyyəti ilə “Litvanın Dəmir Ledisi” adını TARİXə yazmış Dalia Qribauskaite bir LİDER olaraq həm də TARİX yazır!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar