Almaniyada hərbi çağırış ləğv olunacaq
23 noyabr 2010 13:42 (UTC +04:00)

Almaniyada hərbi çağırış ləğv olunacaq

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Karl-Teodortsu Quttenberq söyləyib.

Müdafiə nazirinin sözlərinə görə, Konstitusiyada yazıldığı kimi ölkədə hərbi xidmətə çağırış formal olaraq qalır, ancaq faktiki ordu peşəkar əsasla formalaşdırılır. O, hazırda şəxsi heyəti 250 min nəfər olan Almaniya ordusunun 185 min nəfərə qədər ixtisar ediləcəyini də bildirib.

Qeyd edək ki, bu gün Almaniyada kişilər çağırış yaşında orduda 1 il qulluq etməlidirlər. Lakin hərbi qulluq insanın dünyagörüşü ilə ziddiyyət təşkil edirsə, o, alternativ xidmət keçə bilər.

Karl-Teodortsu Quttenberq deyib ki, orduda ixtisarlar aparılarkən ölkə sərhədlərindən kənarda tapşırıqların yerinə yetirilməsi məsələsinə xüsusi diqqət ayrılacaq. Könüllülər orduda 12-23 ay xidmət edəcəklər və hərbi xidmətləri dövründə 6 ay ölkə sərhədlərindən kənara göndərilə bilərlər.

Hazırda 7 min alman hərbçisi ölkə sərhədindən kənardadır. Müdafiə naziri hesab edir ki, orduda aparılan islahatlardan sonra bu rəqəm 10 min nəfərə çatacaq.

Parlamentin orduda islahatlar paketini bu ilin dekabrında qəbul edəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar