<b>Generalın hədəsi, erməni hiyləsi və Qarabağ “ixtilafı”... – <span style="color:red;">QIZIL SƏHİFƏLƏR </b>
21 fevral 2014 13:05 (UTC +04:00)

Generalın hədəsi, erməni hiyləsi və Qarabağ “ixtilafı”... – QIZIL SƏHİFƏLƏR

Bəri başdan deyək ki, bu məqalələrlə biz Birinci Cümhuriyyət Parlamentinin yaranması, tarixi, fəaliyyəti barəsində məlum, yaxud mətbuat səhifələrinə hələ də çıxmayan naməlum faktlara deyil, qurumun iclaslarında millət vəkillərinin çıxışları zamanı səsləndirdikləri fikirlər əsasında demokratik respublikanın siyasi, iqtisadi, sosial həyatına diqqət yetirəcəyik. Həqiqətən, 1918-ci ilin dekabr ayının 7-də ilk, 1920-ci il aprel ayının 27-də sonuncu iclasını keçirmiş parlament iclaslarının stenoqramlarını oxuyarkən, mübaliğəsiz-filansız, özünü birbaşa həmin dövrün olaylarının iştirakçısı, yaxud şahidi kimi hiss edirsən. Bu çıxışlarda kimlərin hansı məqsəd güddükləri, kimlərin parlamentin işinə pəl vurmaq üçün müxtəlif ara söhbətlərindən söz saldıqları, yaxud hansı məbusanın nə əqidəyə qulluq elədiyi, ən əsası Cümhuriyyətimizin məşhur qurucularının, adlarını ümumi şəkildə hansısa sənəddə rast gəldiyimiz böyük siyasi-ictimai xadimlərin vacib məsələlər barədə mövqelərini açıq-aydın görmək mümkündür. Beləliklə, Azərbaycan Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üçün Respublika Prezidenti Heydər Əliyevin 30 yanvar 1998-ci il sərəncamıyla yaradılmış Dövlət Komissiyasının qərarı ilə elə həmin il çap olunmuş «Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament» kitabının əsasında Birinci Cümhuriyyətimizin parlamentində nələrin olub-keçdiyinə nəzər salaq…

 

Əvvəli: http://news.lent.az/news/156093

 

III yazı

 

Malxazyanın ixtilaflı saydığı Qarabağ

 

Birinci yazıda ermənilərin parlamentin iclaslarını, Allah qoymasa, boykot eləmələri və iki aydan sonra iclaslara qatılmaları barədə qərara gəlmələri haqda yazmışdıq. Hə, həmin vaxt 1919-cu ilin 18 fevralı oldu. Həsən bəy Ağayevin sədrliyi ilə açılan 15-ci iclasda elan olunur ki, ermənilərin nümayəndələri iclasa qatılmağa qərar veriblər. Ancaq yenə birinci yazıda dediyimiz kimi, az keçməmiş məlum olur ki, bunlar dəyişən zadlardan deyillər. Bu sadə həqiqət erməni fraksiyasının üzvü Malxazyanın bəyannaməsindən də aydın olur. Malxazyan fraksiya adından oxuduğu bəyannamədə yenə Qarabağ məsələsinə toxunaraq, ərz edir: «Biz qonşu millətlər arasında ümum ixtilaflı məsələlərin ədalət üzərinə sülh təriqi ilə həllinə çalışacağız. Belə ixtilaflı məsələlər cümləsinə bir əsası Qarabağ məsələsini də daxil ediriz. (Mərkəzdən: ixtilaflı deyil!). Məhəmməd Əmin: Həll olunmuş məsələdir!»

 

Bu və bu kimi çıxışlar göstərir ki, ermənilərin Qarabağda bugünkü faktiki üstünlüyünün səbəblərindən biri də hakimiyyətlərdən, rejimlərdən asılı olmayaraq hər zaman iddiasında olduqları məqsədlərə doğru yürüməkdən vaz keçməmələridir.

 

İbrətamizdir, bu gün üçün çox ibrətamizdir…

 

Sirr deyil ki, Cümhuriyyət Ordusunun yaranması, qüvvətlənməsi, döyüşləri həmişə tədqiqatçıların diqqət mərkəzində olub. Bu baxımdan, parlamentdə səslənən fikirlər həmin tarixin daha obyektiv şəkildə öyrənilməsində əvəzsiz mənbədir. Ordumuzun problemlərini cavabdeh olan birinci şəxsin - Cümhuriyyətin Hərbiyyə Naziri Səməd bəy Mehmandarovun dilindən eşidək: «Mən qabaqca parlamentdən üzr istəməliyəm ki, öz dilimi Məclisi-Məbusanda danışmaq qədər bilmədiyimdən nitqimi rusca söyləməliyəm… Görəvə başlayanda Gəncədə hər yeri gəzdim, ancaq gördüm ki, işlərimiz heç də yaxşı deyildir. Əsgərlərimiz əzgin, düşkün bir halda, yeməkləri pis, mənzilləri fəna, yorğan-döşəkləri yox, çoxu xəstə idi. Xəstə əsgərlərin həpsini sağlamlarıyla dəyişməyə məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər öz vəziyyətlərindən sui-istifadə edirdilər. Çox vaxt bir külfətin yeganə çörək gətirənini əsgər alırdılar. Bu iş də camaatı narazı salıb qoşun yığmaqdan nifrətləndirirdi. Nuru paşa Azərbaycandan gedərkən etiraf etdi ki, əsgərlik barəsində Azərbaycan fəna bir hala qoyulmuşdur. Məlumdur ki, Türkiyə komandanlığının başında duran adamları aldatmışlar. Türklər gedərkən mənə bilmərrə libas verməmişlərdi. Amma külli miqdarda ərzaq şeyləri qoymuşlardı… Hal-hazırda 6 ilin əsgəri silah altına çağırılır. Amma güman edirəm ki, bu ilin axırına daha buna ehtiyac qalmayacaqdır… Bir neçə söz də şəxsim ətrafında qaldırılmış səs-küy haqqında ərz edəcəyəm. Bu sözləri o ağalar danışırlar ki, qoymamışam onlar Azərbaycan xəzinəsinə südlü inək və hərbiyyə nəzarətinə darüləcəzə kimi baxsınlar. Mən bəyan edirəm ki, bu vaxtadək olduğu kimi bundan sonra da tutduğum yol ilə gedəcəyəm və heç bir qüvvə məni bu yoldan çıxara bilməz. Hər kəs məndən sonra nazir olsa görər ki, nə qədər zəhmət çəkilmiş və işlər görülmüşdür».

 

Bəli, bu fikirlər Hərbiyyə Nazirimiz, əfsanəvi generalımız Səməd bəy Mehmandarovun parlamentdə yapdığı çıxışın bir hissəsidir. Deməliyəm ki, bu ali zatın çıxışını oxuduqca həqiqətən qürur hiss keçirməmək mümkün deyil. Əsasən də, «Azərbaycan xəzinəsinə südlü inək və hərbiyyə nəzarətinə darüləcəzə kimi baxmağa imkan vermərəm» fikri. İbrətamizdir, çox ibrətamizdir…

 

Siyasi əqidəsindən asılı olmayaraq, parlamentdə oturanların hamısı böyük Mehmandarova inandığından Səfikürdlünün «namuslu, qeyrətli, şücaətli əsgər və zabitlərimizdən ötəri hər nə lazım olsa verəcəyik» fikrinin hamı tərəfindən birmənalı şəkildə qəbul olunduğu şəksizdir.

 

Bundan sonra parlamentimizin 7-8-ci iclası əsasən pul, bank, həkimlərin, müəllimlərin, hərbçilərin və parlamanların maaş məsələsinə həsr edilir və müzakirələrdən məlum olur ki, maliyyə işlərində həqiqətən vəziyyət elə də ürəkaçan deyil. Ümumiyyətlə, Nəsib bəy Yusifbəylinin baş nazirliyi dövründə parlamentdə iqtisadi məsələlərin müzakirəsi üstünlük təşkil edir ki, bu da təbii qarşılanmalıdır. Ən azından, artıq bu məsələlərin həlli vaxtının gəlib yetişdiyinə görə…

 

Bakı tətilində bolşevik barmağı

 

Parlamentin 34-cü iclasında Bakı şəhərində bir sıra fəhlə kollektivlərinin, zavodların, dəmiryolçuların tətilləriylə bağlı müzakirələr gedir. Məhəmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin çıxışlarından bəlli olur ki, tətillərin iqtisadi əsaslara görə başlandığı deyilsə də, əslində məsələnin kökündə siyasi ambisiyalar dayanır. Hər iki şəxsin çıxışlarında problemin əslində haradan qaynaqlandığına aydınlıq gətirilir. Bəli, məlum olur ki, ortaları qarışdıran Rusiyadır... Məhəmməd Əmin bəyi dinləyək: «Deyirlər ki, Həştərxan yolu açılsın, oraya neft getsin. Bunu hökumət də öz bəyannaməsində deyir ki, bu yol açılsın, ticari münasibətlər başlansın, fəhlələr də işsiz qalmasınlar. Ancaq onların bu fikirlərinin altında bir məqsəd var. Onlar bununla Həştərxanı burada hakim etmək istəyirlər. Azərbaycan hökumətinin Hacıtərxan (maraqlıdır ki, Məhəmməd Əmin bəy hər iki addan istifadə edir – İ.Tumas) yolunu açmasıyla Çurayev, Mirzəyanların açmasında fərq var. Hökumətin bu yolu açması üçün şərtlər var: əvvəla Sovet hökuməti bizim istiqlalımızı tanıyırmı? Saniyən daxili işlərimizə qarışmayacaqmı? Zaqafqaziya üzərinə hakim olmaqdan qətiyyən imtina edəcəkmi? Bu şərtlər bizim istədiyimiz kimi olsa, əlbəttə, biz neft verərik».

 

Baş nazir Nəsib bəy müzakirəni davam etdirərək deyir: «Bu tətili etdirmək istəyən adamlar açıq elan edirlər ki, Azərbaycan Rusiyanın tərkib hissəsidir. Bu vəziyyət içəridən qalxmış deyil, xaricdən qaldırılır, bununla da əsl məqsəd Azərbaycanı Rusiyaya ilhaq etməkdir».

 

Bu mövzuda gülməli (doğrudan da gülməlidir, çünki çıxış zamanı deyilmiş fikirlər parlamentdə də gülüş doğurur – İ.Tumas) mövqeni sosialist Ağamalıoğludan eşidirik. Sosialist məbus deyir: «Nə olub ki? Fəhlələr bir gün işlərini buraxıb və gedib. Sizə zakonnu saldat, dədənizin qulu deyillər ki…»

 

Ağamalıoğlunun nala-mıxa vurma məqamları olan bu çıxışına parlamentdə Mustafa Ağa Vəkilov, Ağa Aşurov, hətta «İttihad»çı Qara bəy Qarabəyov belə cavab verərək hökuməti müdafiə edirlər. Xatırlanan tətil məsələsinə yekun vurmaq məqsədiylə bildirməliyik ki, dəmiryolunda çalışan fəhlələrin Həştərxan yolunun açılması və Rusiya ilə neft alış-verişinə başlanması, maaşların artırılması kimi tələblərlə elan elədikləri bu aksiyanın həqiqətən, Rusiyadan uzanan barmağın işi və sosialistlər tərəfindən qızışdırıldığı çıxışlardan da hiss olunur. Sonda tətillə bağlı Hökumətin qərarından oxuyuruq: «Raboçi konfrans adlanan müəssisə tərəfindən elan olunan tətili-ümuminin istiqlalımız əleyhinə bir sui-qəsdi-mütəzəmmin olduğunu nəzərə alaraq və hökumət rəisinin izahatını eşidərək hökumətin tətili bitirmək haqqında gördüyü və görəcəyi qəti tədbirləri təqdir və bu xüsusda kəndisinə hər növ müavinətdə bulunacağını vəd ilə Məclisi-Məbusan növbəti məsələlərin müzakirəsinə keçir». Hökumətin bəyanatı 39 lehinə, 5 əleyhinə, 5 nəfərin bitərəfliyi ilə qəbul edilir.

 

Eyni erməni, eyni iddia...

 

Ermənilərin parlamentə gəlməsiylə, yalan olmasın, demək olar, hər iclasda erməni fraksiyası tərəfindən hardasa bir erməninin guya döyülməsi, incidilməsi barədə hökumətə sorğu göndərilir. Məsələn, 47-ci iclasda Malxazyan şikayətlənir ki, polis vağzal yanında erməni məhəlləsində yerləşən buğda anbarında və kilsədə axtarış aparıb. Çıxış eləyən Nəsib bəy Yusifbəyli arayış verir ki, hökumətə xəbər vermədən kilsənin içərisini anbar eləyəndə, orada müxtəlif telefon, teleqraf aparatları saxlayanda belə bir axtarışın ola biləcəyini istisna etməməliydilər. Təxminən eyni xüsusda sorğu 1919-cu ilin iyun ayının 23-də keçirilən 50-ci iclasda da səslənir. Cavab nəticəsində məlum olur ki, polisin əməliyyat keçirməsinə həqiqətən səbəblər olub. Ən azından Qarabağda başlanan erməni-müsəlman davaları buna bariz sübutdur. Bəli, 1919-cu ilin yayından Qarabağda erməni hücumları daha intensiv şəkil almağa başlayır. Açığı, birinci parlamentimizdə bu məsələnin müzakirəsi barədə əlavə fikirlərə ehtiyac görmürəm. Ötən əsrin 80-ci illərinin sonunda bizi haqlamış, hələ də davam eləyən və hamımızın şahidliyi ilə baş verən indiki Qarabağ məsələsini xatırlayın, yetər… Eyni fikirlər, hər iki tərəfdən eyni ittihamlar, guya münaqişəni yoluna qoymağa can yandıran xaricilərin ermənipərəstliyi və sair… Hər şey eynidir, bircə məsələdən başqa… Onda Qarabağ bizdəydi…

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10556
avatar

İlham Tumas

Oxşar yazılar