11:55
01 İyul 2020

Rusiya əsas qanununu dəyişir - Səsvermədən REPORTAJ

Bu gün şimal qonşumuz Rusiyada konstitusiyaya düzəlişlərlə bağlı ümumxalq səsverməsinin final mərhələsi keçirilir. 1 iyul – rusiyalılar üçün ölkənin əsas qanununa təklif olunan dəyişiklikləri dəstəkləyib və ya onlara qarşı çıxa biləcəkləri əsas və son gündür.

APA-nın Moskva müxbiri Kremlin yaxınlığında yerləşən 5 015 saylı seçki məntəqəsində olub, seçki prosesini izləyib, paytaxt sakinlərinin ölkə konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı mövqeyini öyrənib.

Artıq bir həftədir ki, Rusiya əhalisi ölkənin əsas qanunu olan konstitusiyaya dəyişikliklərə səs verir. Koronavirus pandemiyasına görə artıq bir dəfə təxirə salınan ümumxalq səsverməsi seçicilərin sağlamlıq təhlükəsizliyi nəzərə alınaraq, həftə ərzində və ölkə tarixində ilk dəfə olaraq onlayn formada keçirilir.

Bu dəfə keçirilən ümumxalq səsverməsinin qəbul olunması üçün 50 faizdən çox seçici fəallığı tələb olunmur. Budəfəki seçkilərdə Rusiya əhalisi paket formada, yəni, təklif olunan bütün dəyişikliklərə birdəfəlik səs verir. Buna səbəb isə mövcud konstitusiyaya 200-dən çox dəyişikliyin edilməsi və hər bir düzəlişə ayrıca olaraq səsvermənin texniki cəhətdən mümkün olmadığı göstərilir.

Koronavirus pandemiyasına görə “Rospotrebnadzor” Federal Xidmətinin tövsiyələri əsasında səsvermə prosesi üçün xüsusi epidemioloji tədbirlər görülüb. Onlardan biri də seçki məntəqələrinə getmədən səsvermədə iştirakdır. İyun ayının 25-dən 30-a kimi bu formada seçkilərin keçirilməsində məqsəd seçki məntəqəsində eyni vaxtda olan seçicilərin sayını azaltmaqdır. Mərkəzi Seçki Komissiyasının (MSK) proqnozlarına görə məntəqədə bir saat ərzində səs verən seçicilərin sayı 8-12 nəfərdən çox olmamalıdır. Təhlükəsizlik üçün seçki məntəqəsinə daxil olmadan öncə seçicinin hərarəti ölçülür. Bütün məntəqələr qoruyucu maska və əlcəklərlə, sanitar vasitələr və birdəfəlik qələmlərlə təmin olunub.

Kremlin yaxınlığında, “Qostinnıy Dvor”da yerləşən 5 015 saylı məntəqədə müşahidəçi olan Aleksandr Votkov seçki prosesinin normal getdiyini söyləyib. Onun sözlərinə görə, indiyə kimi heç bir qanun pozuntusu qeydə alınmayıb: “Bundan başqa, seçki prosesində bütün sanitar normalara riayət olunur”.

Rusiya seçki tarixində bir ilk - onlayn səsvermə

Bundan başqa, ölkə tarixində ilk dəfə olaraq Moskva şəhəri və Nijeqorod vilayəti sakinləri üçün onlayn formada elektron səsvermə keçirilib. Bunun üçün adıçəkilən regionların sakinlərindən iyunun 21-nə kimi “mos.ru” və “qosusluqi” portallarında qeydiyyatdan keçərək elektron səsvermədə iştirak etmək üçün ərizə vermələri tələb olunub. Bu proses maksimum 5-6 dəqiqə vaxt alıb. Tək elə paytaxt Moskvada iyunun 25-dən 30-a kimi keçirilən elektron səsvermədə seçici fəallığı 93 faiz olub. 2 milyona yaxın Moskva sakini olan seçici elektron formada səs verib. Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova onlayn-elektron səsvermənin ilk təcrübə olunduğunu və bundan sonra keçirilən seçkilərdə də tətbiq olunacağını söyləyib. Lakin bununla belə, MSK sədri ənənəvi seçki prosesinin heç vaxt aradan qaldırılmayacağını vurğulayıb.

Moskva sakinləri, xüsusi ilə də gənc nəsil elektron səsvermənin üstünlüyünün olduğunu qeyd edirlər. Xüsusi ilə də koronavirus pandemiyası dövründə yoluxma ehtimalının aradan qaldırılmasına xidmət edən bu cür səsvermənin gələcəkdə də tətbiq olunmasına tərəfdardırlar.

Moskva sakini Kseniya Raçkova onlayn formada səs verdiyini bildirib: “Bu çox yaxşıdır. Hesab edirəm ki, konstitusiyaya düzəlişlərlə bağlı səsvermə bizim üçün, ölkəmiz üçün olduqca vacib hadisədir. Ona görə də dəyişikliklərin lehinə səs verdim”.

Kommunistlər düzəlişləri rədd edir

Konstitusiyaya təklif olunan düzəlişləri ölkənin əsas müxalif partiyası olan kommunistlər rədd edir. Parlamentdə qanun layihəsi müzakirə olunan zaman da kommunist fraksiyası bitərəf qalıb. Rusiya kommunistlərinin lideri Gennadi Zyuqanov öz tərəfdarlarını konstitusiyaya dəyişikliklərin əleyhinə səsverməyə çağırıb. O, əsas qanuna ediləcək dəyişiklərin prezident hakimiyyətinin və oliqarxiya hökmranlığının gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Moskva sakini Lyubov Maykova kommunist olduğunu, kommunizmin qayıtmasını istədiyini bildirib: “Ona görə də təklif olunan bütün düzəlişlərin əleyhinəyəm”.

Putin: “Təklif olunan bütün düzəlişlər xalqın dəstəyi ilə qüvvəyə minəcək”

Dünən Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə müraciət edərək vətəndaşları konstitusiyaya düzəlişlərə səs verməyə çağırıb. Hər bir fərdin səsinin vacib olduğunu bildirən Rusiya Prezidenti ölkənin əsas qanununa dəyişikliklərlə bağlı mövqeyini xatırladıb: “Bu, dəqiq, dəyişilməz və tamamilə qəti mövqedir. Təklif olunan bütün düzəlişlər ancaq sizin dəstəyinizlə qüvvəyə minəcək. Əminəm ki, konstitusiyaya düzəlişlərə səs verərək rusiyalılar yaşamaq istədikləri ölkəyə səs verəcəklər”.

Əsas qanuna təklif olunan düzəlişlər qüvvəyə minsə...

Qeyd edək ki, əgər təklif olunan düzəlişlər qüvvəyə minsə, Rusiya konstitusiyasında ilk dəfə olaraq Allaha inam, nikahın məhz qadın və kişinin birliyi olması, eləcə də Dövlət Şurası terminləri öz əksini tapmış olacaq. Bundan başqa, əsas qanunda rus dilinə dövlət yaradan xalqın dili deyiləcək. Əsas dəyişikliklə hazırkı dövlət başçısının prezidentlik müddətinin “sıfırlanacaq” ki, bu da Vladimir Putinə 2024 və 2030-cu illərdə yenidən prezidentliyinə namizədliyini irəli sürmək imkanı verəcək.

Dİgər xəbərlər