"Vətəndaşların sosial durumu keyfiyyətli şəkildə sığortalanacaq" - AÇIQLAMA
18 aprel 2020 15:01 (UTC +04:00)

"Vətəndaşların sosial durumu keyfiyyətli şəkildə sığortalanacaq" - AÇIQLAMA

Dünyanı cənginə alan koronavirus pandemiyası minlərlə insan itkisindən başqa, iqtisadiyyatı da çökdürdü. Belə ki, virus gündəmə gələndən dünya bazarında neft görünməmiş dərəcədə ucuzlaşıb, ölkələrarası ticari-iqtisadi əlaqələr müvəqqəti dayandırılıb. Azərbaycan da bu proseslərdən kənarda qalmadı. Ancaq hökumət ölkə iqtisadiyyatını və əhalinin sosial durumunu ayaqda saxlamaq üçün zəruri tədbirlər görür.

İqtisadçı ekspert Pərviz Heydərov mövzu ilə bağlı Lent.az-a açıqlama verib. O, Azərbaycan hökumətinin pandemiya təhlükəsindən itkisiz çıxmaq üçün gördüyü tədbirlərdən söz açıb:

“Yaranmış vəziyyətdən itkisiz çıxmaq üçün çevik addımlar atan dövlətlərdən biri də Azərbaycan oldu. Azərbaycan hökuməti ilk günlərdən etibarən vəziyyətin ciddi olduğunu görüb həm əhalinin sağlamlığının qorunması, həm də iqtisadiyyatın sığortalanması istiqamətində zəruri addımlar atmağa başladı. Martın 19-da prezident bununla əlaqədar müvafiq sərəncam verdi. Həmin sərəncama görə, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Mərkəzi Bankın tərkibində işçi qruplar yaradıldı. Onların qarşısına vəzifə qoyuldu ki, koronavirus pandemiyasının ölkə iqtisadiyyatına hansı ziyan vurduğu öyrənilsin və nə etmək lazım olduğu dəqiqləşdirilsin. Artıq İqtisadiyyat və ƏƏSMN-nin tərkibində olan işçi qrupları dəymiş zərəri öyrənərək, həmin sərəncamla Nazirlər Kabinetinə ayrılan 1 milyard manat vəsaitin konkret maliyyələşdirmə təyinatlarını müəyyənləşdiriblər”.

Həmsöhbətimiz karantin rejimi ilə əlaqədar vətəndaşların sosial durumunun pozulamaması üçün dövlət tərəfindən atılan addımlardan danışıb:

“Bilirsiniz ki, özəl sektorda çalışan 600 min vətəndaşın əməkhaqqını dövlət öz üzərinə götürüb. Yəni, bu sahədə dövlət sahibkarlara yardım edəcək. Çünki karantin rejimi ilə əlaqədar bəzi sahələrin fəaliyyəti donmuş vəziyyətdədir və dövlət tələb etdi ki, heç bir işçi ixtisar olunmasın. Bundan əlavə, işsizlər üçün birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Artıq minlərlə vətəndaş ölkə üzrə təyin olunan yaşayış minimumu səviyyəsində birdəfəlik ödənişi əldə edib və bu proses davam etdiriləcək. Həmçinin bu və ya digər sahələr üçün 2.5 milyard maliyyə vəsaiti ayrılıb ki, dövlət başçımız sonuncu videokonfransında bildirdi ki, göstərilən dövlət dəstəyi bundan artıq olacaq. Düşünürəm ki, hazırkı durumda edilən bütün kompensasiyalar və dövlət dəstəyi sayəsində iqtisadiyyatımız və vətəndaşların sosial durumu keyfiyyətli şəkildə sığortalanacaq. Xüsusən, ölkə iqtisadiyyatında makroiqtisadi dayanıqlıq sarsılmayacaq və çox cüzi fərqlə postpandemiya dövrünə qayıdacaq”.

# 4519
avatar

Mehman Nəbiyev

Oxşar yazılar