778
12:37
30 Dekabr 2019

Sosial ev almaq istəyənlərə ŞAD XƏBƏR: Gələn il...

“Gələn ildən istifadəyə veriləcək Hövsan Yaşayış Kompleksində 2 962 mənzil satışa çıxarılacaq. Hövsanda inşa edilən 11 binanın 7-si 7 mərtəbə, 4-ü isə 10 mərtəbəlidir”.

Bu barədə Lent.az -a məlumat verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, həmin mənzillərin 436-sı hərbiçilərə veriləcək:

“Əslində, sosial evlər çərçivəsində daha çox mənzilin satışa çıxarılması tələb ilə təklif arasındakı fərqin aradan qaldırılmasına və artıq gələn il müraciət edənlərin xeyli hissəsinin elektron sistem vasitəsi ilə evə sahib olmasına imkan verəcək. Bu baxımdan, mövcud elektron sistemin qorunub saxlanması şəffaflıq baxımından daha məqsədəuyğundur.

Bizdə olan məlumata görə, “Güzəştli mənzil" sisteminə beynəlxalq patentin alınması məqsədilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (World Intellectual Property Organization) müraciət edilib. Beynəlxalq təşkilat tərəfindən həmin iddia qəbul edilmiş və müvafiq prosedurların yerinə yetirilməsinə başlanılıb. Bundan öncə isə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının Qərarı ilə “MİDA” əmtəə nişanı qeydiyyata alınıb. Həmçinin Əqli Mülkiyyət Agentliyi tərəfindən Sistemin müəlliflik hüquqları qeydiyyata alınaraq Əsərin Qeydiyyatı Haqqında Şəhadətnamə təqdim olunub”.

V.Bayramov qeyd edib ki, "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilmiş onlayn mənzil seçimi prosesləri yekunlaşdıqdan sonra beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil və öz “SOC 3” rəyini təqdim edir:

“İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) şəffaflığın daha da artırılması məqsədi ilə MİDA-dan mənzil alanların adlarının internet səhifəsində yerləşdirilməsini təklif edir. Azərbaycan Prezidentinin imzaladığı “Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” fərmanın 4.4. maddəsinə əsasən, mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması nəzərdə tutulub. Deməli, agentlik tərəfindən mənzil almış bütün şəxslərin adlarının ictimaiyyətə təqdim edilməsi üçün hüquqi baza var və bunun həyata keçirilməsi məqsədəuyğun olardı”.

İqtisadçı-ekspert son olaraq qeyd edib ki, müəllifi olduğu “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına” dair Strateji Yol Xəritəsində və eləcə də digər qanunverici aktlarda elektron satış şəffaflığın formalaşması aləti kimi təsbit olunub:

“Əslində elektron satış şəffaflığın təmin edilməsi baxımdan vacibdir. Sadəcə, tələb ilə təklif arasında fərq olduğundan ilkin mərhələlərdə satışa çıxarılan mənzillərin sayı evə sahib olmaq istəyənlərin müraciətlərindən az idi. Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində inşa edilən 1 843 mənzildən 1654-ü agentliyin sərəncamında idi. Onlardan 1 390 mənzil artıq satılıb və digərləri rəsmiləşmək mərhələsindədir”.