459
13:27
02 Noyabr 2019

Bakıda “Məktəb seminarları”na start verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) “Məktəb seminarları”na start verib.

İdarədən Lent.az -a bildirilib ki, “Məktəb seminarları”nın ilk sessiyası Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

“Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumi təhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.

R.Tağıyev “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən danışıb.

Digər sessiyalarda ümumi təhsil məktəblərində təmayülləşmə, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılması üsul və formaları, məktəblərdə valideyn-şagird-məktəb əlaqələri, tərbiyə işinin təşkili, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının daha da təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması və digər müvafiq mövzularda çıxış ediblər.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib.

Qeyd edək ki, sessiyalar paytaxtın 12 inzibati rayonu üzrə keçiriləcək.