233
10:28
23 Sentyabr 2019

“Jizel” baleti yenidən səhnədə

Sentyabrın 28-də XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti oynanılacaq.

Teatrın mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, tamaşada Jizel partiyasını teatrın balet truppasının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti Nigar İbrahimova ifa edəcək. Tamaşanın professional səviyyəsini yüksəltmək məqsədilə teatrın rəhbərliyi əsas partiyalardan birini - qraf Albert partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Stanislav Olşanskini dəvət edib.

Tamaşada Əməkdar artist Elmira Süleymanova (Mirta), aparıcı solist Anar Mikayılov (Meşəbəyi Hans) və başqaları da çıxış edəcəklər.

Tamaşanı teatrın baş dirijoru - Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.