Ölkədən çıxışa hansı hallarda “STOP”  qoyula bilər? - ARAŞDIRMA
10 avqust 2021 12:15 (UTC +04:00)

Ölkədən çıxışa hansı hallarda “STOP” qoyula bilər? - ARAŞDIRMA

Yay tətilində hansısa xarici ölkəyə səfərə getməlisiniz və ya ailə üzvlərinizdən birini müalicə almaq məqsədilə ölkə xaricinə aparmalısınız. Amma hava limanında və ya sərhəd keçid məntəqəsində məlum olur ki, siz ölkəni tərk edə bilməzsiniz. Düz bildiniz, söhbət vətəndaşların ölkədən çıxışına qoyulan qadağalardan gedir. 

Lent.az APA TV-yə istinadən xəbər verir ki, hər gün onlarla vətəndaş kredit borcuna, hansısa cəriməyə görə, bu problemlə üz-üzə qalır. 

Belə şəxslərdən biri də ad və soyadı şərti olan Etibar Səlimovdur. O, iddia edir ki, heç bir vergi borcu və cəriməsi olmasa da, onun ölkədən çıxışı məhdudlaşdırılıb və ona heç bir məlumat verilməyib: “Rusiyaya gedəndə saxlanılmışam. Hava limanında araşdırma apardılar və vəsiqəm yoxlanandan sonra bildiriş gəldi ki, siz ölkəni tərk edə bilməzsiniz. Vergilərlə bağlı problem yaşadım. Heç bir təqsirim olmadan ölkədən çıxışım əngəllənib”.

Müsahibimiz deyir ki, hazırda onun kimi yüzlərlə şəxs bu problemlə qarşı-qarşıyadır. 

Məsələni bir qədər araşdıranda məlum oldu ki, vətəndaşların ölkədən çıxışına yalnız 2 qurum – Ədliyyə və Daxili işlər nazirlikləri qadağa qoya bilər. 

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyir ki, təmsil etdiyi qurum yalnız qanunvericilik çərçivəsində cinayət əməlində təqsirləndirilən şəxslərin, barəsində araşdırma və istintaq hərəkətləri aparılan vətəndaşların ölkədən çıxışına qadağa qoya bilər: “Barəsində cinayət və əməlin tərkibinə görə, inzibati icraat aparılan şəxslərin ölkədən çıxışına qanunla müəyyən olunmuş qaydada daxili işlər orqanlarının təhqiqat və istintaq aparatları orqanları tərəfindən müvafiq qaydada ölkədən çıxışına qadağa qoyula bilər”.

Elşad Hacıyev deyir ki, vətəndaş sözügedən qadağalarla bağlı daxili işlər orqanlarının saytlarında müvafiq bölməni seçməklə məlumatlana bilər.

Ədliyyə nazirliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşların ölkədən çıxışına məhdudiyyət, yəni “STOP” qoyulması Azərbaycan Respublikasının hüquqi aktların dövlət reyestri əsasında həyata keçirilir. Həmin qanunun 84.1 maddəsi əsasında işi məhkəmədə olan, vergi və kredit borcu olan, aliment ödəməyən, barəsində cinayət işi açılmış şəxslər, həmçinin axtarışda və hərbi xidmətdə olan şəxslərin ölkəni tərk etməsinə qadağa qoyula bilər.

Vətəndaşların ölkədən çıxışına qoyulan qadağaların mənfi tərəfindən biri də onların xaricə getmək üçün biletə xərclədiyi pulların havaya sovrulmasıdır. Məsələn xarici getmək üçün bilet alan şəxs bunun üçün müəyyən məbləğ ödəyir, amma onun ölkədən çıxışına məhdudiyyət qoyulmasını vətəndaş yalnız sərhəddə öyrənə bilir. Bu zaman ölkəni tərk edə bilməməklə bərabər, biletə xərclədiyi pul da itirilmiş məbləğə çevrilir.

Norma Hüquq Mərkəzinin korporativ hüquq departamentinin müdiri, hüquqşünas Həsən Həsənov deyir ki, əgər belə bir məhdudiyyət qoyulubsa, öncədən vətəndaş SMS vasitəsilə bununla bağlı məlumatlandırılmalıdır: “Bu baxımdan icra strukturları daha məsuliyyətli olmalıdırlar ki, bu barədə vətəndaşa məlumat versinlər. Texnologiya günbəgün inkişaf edir. Adi məhkəmə sistemində islahatlar aparılıb və artıq məhkəmə bildirişləri belə SMS vasitəsilə vətəndaşlara göndərilir. Yəni şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulubsa, onun nömrəsinə SMS göndərməklə bu barədə ona məlumat vermək olar”.

Ölkədən çıxışa hansı hallarda “STOP” qoyula bilər? - ARAŞDIRMA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4911
avatar

Oxşar yazılar