Meşə torpağını istifadə edərək yanğına susuz müdaxilə edən, yayılmağa mane olan, yanğından sonra isə ağac əkmək üçün yeri qazan maşının maketi hazırlandı.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyədə meşənin yumşaq torpaq xüsusiyyətini istifadə edərək qumlama üsuluyla alovlarla susuz mübarizə aparacaq yerli yanğınsöndürmə maşınının istehsalı gözlənilir.
Ankara Orta Şərq Texniki Universitetinin (ODTÜ) müəllimi, dizayner üzrə dosent Hakan Gürsu dünyada meşə yanğınlarının artması ilə əlaqədar 10 il əvvəl qrupuyla yanğınlarla susuz mübarizə aparacaq maşın maketini hazırlayıb.
Yanğından əvvəl yanma riski olan sahələrin üzərini qumla örtmə, yanğın zamanı alovları söndürmə, yayılmasına mane olma, yanğından sonra isə əkiləcək ağaclar üçün torpaq qazan maşın 540 at gücündə çalışacaq.
Sözügedən mövzu ilə bağlı H.Gürsu deyib: “Maketi hazırlanan yanğınsöndümə maşını xammal olaraq meşənin yumşaq torpaq hissəsindən istifadə edəcək.
"Atəş cəngavəri" (Fire Knight) adı verilən maşının xüsusiyyətləri və iş şəkli belədir. Arxada bir ekskavatorumuz var ki, 1,80 metrlik dəlik açacaq, oradan torpaq çəkəcək və sonra oranı sürətlə ələyəcək. 5 millimetrlik altı sərt vəsait içəridə qalacaq. Yanan və yüngül vəsait buradan çölə atılacaq. Bu alətin içində 10 tonluq 5 millimetrlik altı dənəvər anbarımız var. Anbara götürdükdən sonra 2 nasos, 6 təzyiq balonunun köməyilə buradakı hərəkətli dönər başla hissəciklər püskürdüləcək. Bu, yerdə yanan vəsaitin üzərinə püskürdülə bilər, passiv sahədə yanıcı xüsusiyyətə malik örtünü örtmək üçün istifadə edilə bilər və s."