NASA yeni teleskopu kosmosa buraxır: kainatın ən böyük sirrini   öyrənəcək
26 avqust 2026 19:14 (UTC +04:00)

NASA yeni teleskopu kosmosa buraxır: kainatın ən böyük sirrini öyrənəcək

0

NASA “Nancy Grace Roman” kosmik teleskopunun buraxılışına hazırlaşır. Yeni nəsil rəsədxanası qaranlıq enerji, qaranlıq materiya və Günəş sistemindən kənardakı planetlərin öyrənilməsi üçün nəzərdə tutulub.

Lent.az xəbər verir ki, NASA-nın son məlumatına görə, teleskopun buraxılışı avqustun 30-da, Bakı vaxtı ilə saat 15:26-da planlaşdırılır. Aparat Floridadakı Kennedi Kosmik Mərkəzindən “SpaceX Falcon Heavy” raketi ilə kosmosa göndəriləcək. 

Missiyanın əsas məqsədlərindən biri Kainatın genişlənməsinin niyə sürətləndiyini müəyyənləşdirməkdir. Teleskop kosmosun nəhəng sahələrini müşahidə edəcək, milyardlarla qalaktikanı araşdıracaq, qaranlıq materiyanın onların formalaşmasına və paylanmasına təsirini öyrənməyə imkan verəcək. 

“Roman” ekzoplanetlərin, yəni Günəş sistemindən kənarda yerləşən planetlərin axtarışı ilə də məşğul olacaq. Onun müşahidə sahəsi “Hubble” kosmik teleskopundan ən azı 100 dəfə geniş olacaq. Bu xüsusiyyət alimlərə səmanın böyük hissələrini yüksək dəqiqliklə və daha sürətli araşdırmağa imkan verəcək. 

Teleskop buraxılışdan sonra Yerdən təxminən 1,6 milyon kilometr uzaqlıqdakı Günəş–Yer sisteminin L2 Laqranj nöqtəsinə doğru hərəkət edəcək. Missiyanın əsas fəaliyyət müddəti beş il nəzərdə tutulub, lakin NASA onun 10 ilədək işləməsini hədəfləyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar