Bakıda Türkiyənin Bahçeşehir Universitetinin (BAU) azərbaycanlı məzunları üçün görüş keçirilib. Lent.az-ın məlumatına görə, məzun görüşündə bu kimi tədbirlərin önəmini vurğulayan universitetin Beynəlxalq Əlaqələr Ofisinin direktoru Erbay Şirin universitet və məzunlarla qarşılıqlı əlaqələrinin vacibliyini qeyd edib: “Məzun görüşlərimizin artıq bir ənənə halına keçməsi bizi daha da qürurlandırır. Tələbələrimiz məzun olduqdan sonra da onların yanında olmağımız, dəstək verməyimiz çox önəmlidir. Biz bir BAU ailəsiyik və hər zaman da tələbələrimizin, məzunlarımızın yanındayıq. Onlar bizim qürurumuzdur.”
BAU Məzunlar Mərkəzinin təmsilcisi Melih Elidüzgün isə BAU-nun Türkiyə və digər ölkələrdəki uğurlarından danışıb: “Bahçeşehir universiteti hər il daha da böyüyür və inkişaf edir. Hazırda 8 ölkədə (Türkiyə, Amerika, Kanada, Almaniya, İtaliya, Çin, Kipr, Gürcüstan) universitetlərimiz, dil məktəblərimiz və akademik mərkəzlərimiz var. Bununla yanaşı, məzunlarımızla əlaqələrin daha da möhkəmlənməsi məqsədilə bir çox ölkələrdə nümayəndəliklərimiz də fəaliyyət göstərir.”
BAU-nun Azərbaycan üzrə nümayəndəsi Təhminə Paşayeva isə bildirib ki, Bahçeşehir universitetinin Bakıda da ofisi fəaliyyətə başlayıb. Ofisin qurulmasında əsas məqsəd BAU Azərbaycan məzunlarının karyera planlamalarına, özlərini daha da inkişaf etdirmələrinə və gerçəkləşdirmək istədikləri layihələrə dəstək olmaqdır.