Təhsil naziri bir qrup tələbə ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunan tələbələri qəbul edib.
Görüş zamanı nazir tələbələri təbrik edərək, onların Azərbaycanın ən layiqli gəncləri sırasında yer tutduğunu söyləyib. Xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan təhsil naziri hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıb.
Gənclərə Azərbaycanla daim sıx əlaqə saxlamağı tövsiyə edən nazir onların hər birinin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib. M. Cabbarov gənclərin seçdikləri ixtisaslar üzrə hərtərəfli biliklərə yiyələnməsinin əhəmiyyətinə toxunub, onların yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini ifadə edib.