Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun səhhəti və qazilərin aksiya keçirəcəyi ilə bağlı məlumatlarla əlaqədar açıqlama yayıb.
Lent.az-ın məlumatına görə, R. Kərimoğlu bildirib ki, ötən gün "Qarabağ qaziləri" İB, "Vətən Müharibəsi Əlilləri" İB, "Şəhid Ailələri Cəmiyyəti" İB, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İB (təmsilçi Kamil Şirinov), "Bakı Veteranlar Birliyi", İB "Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi" İB-nin sədrləri və fəalları gün ərzində Z. Həsənovun müalicə olunduğu xəstəxanada olublar. “Zaurun səhhəti ilə maraqlandıq, günün ikinci yarısı "Qarabağ qaziləri" İB-nin sədr müavini Firudin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Həmkarlar İttifaqı Konfederasiyasına gedərək Səttar Mehbalıyevlə görüşüb. Zaurun səhhəti ağır olaraq qalır. Həkimlərin bildirdiyinə görə, hazırda onun yaşama şansı çox azdır. Həkimlərin və tibb mütəxəssislərinin verdiyi məlumata görə, yaxın 2-3 gün ərzində ölməsə, Zaurun yaşamasına ümid artacaq. Bəzi mətbuat orqanları məlumat yayıb ki, guya biz xəstəxanada aksiya keçirmişik. Bu həqiqəti əks etdirmir. Əzizi, doğması can üstə olan insanın yaxınları nə edirsə, bu gün biz onu etmişik. Gün ərzində ora xeyli insan gəlib. Onların nə deməsi, nə bəyanat verməsinə biz cavabdeh deyilik. Yeri gəlmişkən, sosial şəbəkələrdə şənbə günü Qarabağ qazilərinin Fəvvarələr meydanında etiraz aksiyası keçirməsi ilə bağlı mətbuatda məlumat yayılıb. "Qarabağ qaziləri" İB-nin mətbuat xidmətinin rəhbəri kimi rəsmi şəkildə bəyan edirəm ki, nə bizim təşkilat, nə də bu gün orada olan, yuxarıda adını çəkdiyim təşkilatlar yaxın günlərdə aksiya keçirəcək. İstənilən ölkə vətəndaşı qanun çərçivəsində hər hansı bir aksiya keçirə bilər. Biz kiməsə nə qadağa, nə də çağırış etməmişik. Amma hər hansı bir aksiya keçirmək hüququmuzu da saxlayırıq. Hazırda hamımızın diqqəti Zaurun həyatını xilas etməyə yardımçı olmaqdır. Zaurun səhhəti ilə maraqlanan hər kəs xəstəxanaya sabah da gələ bilər. Onu da xüsusi olaraq qeyd edirəm ki, bu sırf sosial-hüquqi məsələdir. Ortalıqda cinayət faktı var - vətəndaşı özünə qəsd etməyə məcbur etmə.
Müxtəlif siyasi mövqeyi olan insanlar Z. Həsənovun səhhəti ilə maraqlanmaq üçün xəstəxanada olublar. Biz orada kiminsə mövqeyinə, çıxışına görə məsuliyyət daşımırıq”.