Paytaxtda müşahidə olunan sıxlıq artıq şəhərin əsas problemlərindən birinə çevrilib.
Problemin əsas səbəblərindən biri kimi isə bölgələrdə iş imkanlarının məhdud olması göstərilir. İş və daha yaxşı sosial imkanlar axtaran insanların böyük hissəsi paytaxta üz tutur. Bu da Bakıda əhalinin və avtomobillərin sayının artmasına, nəticədə isə tıxacların daha da intensivləşməsinə səbəb olur.
Bəs Bakıdakı sıxlığın azaldılması üçün hansı addımlar atılmalıdır? Bölgələrdə yeni iş yerlərinin yaradılması, investisiyaların regionlara yönəldilməsi və insanların öz yaşadıqları ərazilərdə işləməsinə şərait yaradılması paytaxtın yükünü azalda bilərmi?
Milli Məclisin deputatı, İnsan Haqları Komitəsinin sədri Zahid Oruc Lent.az-a açıqlamasında bildirib ki, tıxacları təkcə daxili miqrasiya ilə əlaqələndirmək olmaz:
“Neftin sənaye üsulu ilə çıxarılması ərəfəsində Bakı şəhəri əhali sayına görə Gəncədən, Nuxadan, hətta Şuşadan və digərlərindən geri qalırdı. 1850-ci illərdə Bakıda cəmi 8-10 min insan yaşayırdı.
1897-ci ildə bu rəqəm 111 minə, 1917-ci ildə, Bolşevik inqilabı dövründə 312 minə çatmışdı. Ondan sonrakı mərhələdə əhalinin artması nəticəsində 1989-cu ildə SSRİ-nin son siyahıyaalınması mərhələsində Bakı əhalisinin sayı 1,8 milyon nəfərə çatmışdı.
Hazırda bu rəqəmlərin üzərinə müstəqillik illərində torpaqlarımızın işğalı, əhalinin kəskin yerdəyişmələrinin baş verməsi, o cümlədən təkcə işğal altında olan rayonlardan deyil, digər ərazilərdən də paytaxta axının nəticəsini əlavə etmək lazımdır. İndi rəsmi olaraq Bakıda 2,3 milyon nəfərin yaşadığı bildirilsə də, bu rəqəmin xeyli çox olduğu söylənilir.
Ancaq burada dəqiq rəqəmləri çıxarmaq da mümkündür. Çünki elektrik enerjisi və qazın sərfiyyatı, sayğaclar, onların istehlakı və digər alternativ hesablama meyarları müəyyən yekun nəticəni ortaya çıxara bilər.
Burada beynəlxalq təcrübəyə mütləq baxmağa ehtiyac var. Bakı şəhəri əhalinin sıxlığına görə, Barselona, Paris, London və İstanbuldan xeyli geri qalır. Əhalinin bir kvadratkilometrinə düşən insan sayı Barselonada 16 mindən artıqdır. Parisdə bu rəqəm 20 min nəfərə yaxındır. Londonda 6 minə, İstanbulda isə 3 minə yaxındır. Bakı şəhərində isə bu rəqəm 2 min-2 min 100 nəfəri keçmir. Lakin qeyd etdiyimiz kimi, ötən illər ərzində regionların sosial-iqtisadi inkişaf proqramı, xüsusilə də sosial infrastrukturun qurulmasına imkan açdı və elektrik, qazla təminat sahəsində çox mühüm işlər görüldü.
Cənab Prezident bir neçə gün öncə dağ-mədən və metallurgiya sahəsinin inkişafı ilə bağlı müşavirədə özü həmin məsələlərə bir daha qayıtdı və vurğuladı ki, 2003-cü ildəki seçkilərdəki qələbəsindən qısa müddət sonra belə addımlar atıldı. Ümumiyyətlə, dövlət rəhbərinin siyasi idarəçilik dövrünü məhz proqramlar əsasında atılan addımlarla xarakterizə etmək olar. Həmin dövrdə Qarabağ bölgəsini təmsil edən bir parlament üzvü kimi deyə bilərəm ki, sutka ərzində cəmi 4-6 saat elektrik enerjisi təminatı ilə yaşayan Bərdə bölgəsi sonrakı mərhələlərdə həqiqətən də 100 faiz elektrik enerjisi ilə təmin olundu.
Bakı şəhərində həm əhalinin sıxlığının artması, həm nəqliyyat vasitələrinin çoxalması, eyni zamanda yol infrastrukturunun əvvəlki illərdə o qədər də geniş olmaması, xüsusilə şəhərin yaşayış infrastrukturunun yenilənməsi, hündürmərtəbəli binaların tikilməsi, sovet dövründə inşa edilən çoxsaylı yaşayış massivlərinin yenilənməsi fonunda paytaxt müəyyən cazibədarlıq qazandı. O cümlədən əmək və iqtisadi aktivlik sferası, təhsil, universitetlərin burada təmərküzləşməsi, digər tərəfdən sənaye müəssisələrinin keçmişdən burada qalması fonunda belə bir vəziyyət meydana gəldi.
Lakin tıxacı yalnız daxili miqrasiya amilləri ilə əlaqələndirməməliyik. Regionlarla bağlı uzun illər ərzində onların büdcədən asılılığının azaldılması, yerli vergilərin bölgələrdə qalması, biznes və sahibkarlıq strukturlarının orada çalışması, kredit və yaxud ipoteka siyasətinin bölgələrə yönəldilməsi və sair məsələlərdən bəhs edirdik. Əvvəlki illərdə hökumət Parlamentdə bəyan edirdi ki, siyasətində regionlara üstünlük verir. Lakin zaman göstərdi ki, biz bu siyasətdə daha həssas yanaşmaları məhz Vətən müharibəsindəki qələbəmizdən sonra həyata keçirməliyik.
Biz qürur hissi ilə bəyan edirik ki, Böyük Qayıdış Proqramı Şuşa zirvəsi daxil olmaqla, Kəlbəcərdən Zəngilana qədər böyük bir zolaqda, 17 min kvadratkilometr ərazidə aparılan işlər deməkdir. Bu, öz-özlüyündə yalnız infrastruktur layihələri deyil. Daha artıq dərəcədə insanların, bütövlükdə ölkə əhalisinin bütün coğrafiya üzrə mütənasib paylanmasına, digər tərəfdən isə insanlarımızın əcdadlarının yaşadığı torpaqlara dönüşünə, orada əkib-becərməsinə, yaşamasına, ailə qurmasına, yeni nəslin dünyaya gəlməsinə və əbədi olaraq orada çalışmasına imkan yaradır. Lakin bunun paralelində biz onu da müşahidə edirik ki, həqiqətən, daxili miqrasiya mühüm bir çağırış kimi hökumətin qarşısında dayanır.
Cənab Prezident kənd təsərrüfatına həsr olunan müşavirədə bu məsələyə toxundu. Bağlı qapılar arxasında məsələlər müzakirə ediləndə və ya gündəlik tapşırıqlar veriləndə, həmçinin bölgələrdə görüşlər zamanı ölkə rəhbəri dəfələrlə bəyan edir ki, icra hakimiyyəti rəhbərlərinin fəaliyyətinə yeni iş yerlərinin açılması, sahibkarlıq subyektlərinin sayının artması, əmək məhsuldarlığı və sair göstəricilərə görə qiymət veriləcək”.
İndiki halda yekun mənzərə necədir?
Deputat qeyd edib ki, kəndlərin bir hissəsində əhalinin yerdəyişməsi baş verir:
“Bizim 4200-dən artıq kəndimiz var. Əslində, onların sayı 4244-dür. Bu, əlbəttə ki, böyük sərvətdir. Çünki xüsusilə Ümummilli Lider Heydər Əliyevin birinci hakimiyyəti dövründə, sovet zamanında ən ucqar ərazilərə qədər həmin kəndlər inkişaf edir, formalaşır və onların infrastrukturu yaradılırdı. Xüsusilə məktəblər, tibb məntəqələri və digər dövlət xidmətlərinin hər biri orada öz strukturlarını formalaşdırırdı. Ona görə də kənddə dünyaya gələn, orada böyüyən bir insan kimi deyə bilərəm ki, bu, həm də dövlətin zənginliyini təmin edirdi.
Hazırda bizim gördüyümüz mənzərə ondan ibarətdir ki, kəndlərin mühüm bir hissəsində əhalinin yerdəyişməsi baş verir.
Bu da, təbii ki, urbanizasiya prosesinin yalnız paytaxt ərazisində gerçəkləşmədiyini göstərir. Regionların da əsas mərkəzlərinə doğru da əhalinin müəyyən axını var.
Əgər 4244 kənddən yüzünün əhalisi 5 min nəfərdən yuxarıdır. Əgər hər kənddən əlli ailə həmin ərazini tərk edirsə, bu, 200 nəfərin oradan çıxması deməkdir. Onları yüz kənd nisbəti ilə hesablayanda isə kifayət qədər böyük rəqəm ortaya çıxır. Həmçinin digər kəndlərin hər birindən də müəyyən sayda ailələrin çıxmasını nəzərə alsaq, bu, 700 min-1 milyon nəfərin əsas mərkəzlərə doğru hərəkəti deməkdir.
Müxtəlif ölkələrdə trafik fərqli vəziyyətdədir və İstanbul bu göstəricidə birinciliyi əldə edir.
Lakin bu, o qədər də xoş birincilik deyil. Orada tətbiq olunan metodlar kifayət qədər çeşidlidir. Orada nəqliyyatın intellektual idarəçiliyi üçün bir-birindən fərqli addımlar atılır, bunları öyrənməyə dəyər. Amma inzibati metodlar insanları bir nöqtədən digərinə aparmağa qadir deyil. Yalnız iqtisadi və sosial stimullar əhalinin bölgələrdə yaşayışını təmin edə bilər.
O cəhətdən, əvvəlki illərdə, həm də bir tədqiqat mərkəzinin rəhbəri olduğum zaman aparılmış analitik araşdırmaların nəticələrini hökumətlə bölüşməyə çalışmışıq. Real təkliflər irəli sürmüşük.
İlk növbədə sərhəd kəndlərimizin əhəmiyyətini qeyd etmişik. Onlar strateji məna daşıyırlar və biz qürurla 500 kilometrdən artıq sərhəd ərazisinin erməni işğalından azad olunduğunu bəyan edirik. Ümumilikdə Ermənistanla sərhədimiz, həmçinin Rusiya, İran, Gürcüstan və digər istiqamətləri də nəzərə aldığımızda, sərhəd bölgələri ilk növbədə xüsusi əhəmiyyət daşıyır.
Orada ordumuzun əsgəri keşik çəkdiyi zaman arxa cəbhədə real əhalini, çalışan təsərrüfatı, əmək fəaliyyətini, həyatı görəndə qoruduğu torpağa Vətən kimi baxmış olur. Ona görə də regionların inkişafı ilə bağlı ölkə rəhbəri də dedi ki, bu, davamlı bir prosesdir. Yalnız müəyyən müddətdə başa çatacaq proses deyil. Siz Amerikanın kəndlərinə də baxdığınız zaman görəcəksiniz ki, orada poçt rabitəsi bağlanırsa, digər dövlət xidmətləri də qeyri-rentabelli hesab olunursa, ən sonda məktəblərin mövcudluğuna təhlükə yaranır.
Elm və təhsil naziri dəfələrlə bu məsələləri bəyan edir ki, bölgələrdə bir müəllimə düşən şagird sayı o qədər aşağıdır ki, biz məcburuq həmin müəssisələrin fəaliyyətini dayandıraq, yaxın ərazilərdə olan məktəblərə köçürək. Əgər məktəb də fəaliyyətini dayandırarsa, bu, avtomatik olaraq kəndin özünün varlığını sual altına alır.
Yekun olaraq, burada elə bir siyasət işlənməlidir ki, həmin ərazilərdə iqtisadi cəlbedicilik mövcud olsun, stimullaşdırma baş versin”.
Z.Oruc qeyd edib ki, ilk növbədə tarif siyasətini diferensiallaşdırmaq lazımdır:
“Beynəlxalq təcrübəni araşdırdığınız zaman əmin olacaqsınız ki, məşhur bir ifadə var: kənddə yaşamaq, rayon ərazilərində məskunlaşmaq və daimi olaraq orada həyatını qurmaq cəlbedici olmalıdır. Bu isə bir neçə şərtdən keçir.
İlk növbədə tarif siyasətini diferensiallaşdırmaq lazımdır. Ölkəmizdə 11 iqlim qurşağından 9-u mövcuddur. Gədəbəy, Tovuz, Naxçıvan, Lerik, Daşkəsən kimi ərazilərdə ilin yeddi-səkkiz ayı hava kifayət qədər soyuq olur. Belə bir vəziyyətdə Bakıdakı və ya Kürdəmirdəki tarifi eynilə həmin ərazilər üçün tətbiq etdikdə görəcəksiniz ki, vətəndaşlar öz evlərinin yalnız bir otağını qızdırmağa çalışırlar və yaxud bəzən heç bunu da edə bilmirlər, alternativ mənbələr axtarırlar. Onları da tapa bilməyəndə, artıq daha yaxşı yol şəhərlərə doğru gəlmək, burada çalışmaq və məşğulluğun hansısa formasını qurmaq olur. Ona görə də elektrik və qaz enerjisi üzrə tariflər həmin bölgələrdə daha aşağı olmalıdır.
İkinci məsələ hazırda tətbiq olunan limitlərlə bağlıdır. Məsələn, 1200 kubmetr və o cümlədən kilovat saat ilə bağlı müəyyən edilmiş limitlər var. Həmin limitlər və ödənilən 12-15 qəpik həcmində vəsait vətəndaşı çətin vəziyyətə salır.
Bakı şəhərində əhali sıxlığı və ya nəqliyyat sisteminin hazırkı gərginliyi olmasaydı belə, yenə də regionların inkişafı bütün dünyada dövlət siyasətində prioritet sayılır, öndə tutulur. Bir sıra ölkələr böyük şəhərlər siyasətini yürüdür. Bizdə isə yalnız Sumqayıt və Gəncə şəhərləri var. Onlar paytaxta olan axının müəyyən hissəsinin qarşısını ala bilirlər.
Halbuki 14 iqtisadi zonamız var. Quba-Xaçmaz iqtisadi zonası həm relyefinə, həm də iqlim şəraitinə görə kifayət qədər əlverişli, məhsuldar ərazilərdir. Ona görə də biz böyük şəhərlər siyasətini daha geniş miqyasda davam etdirməliyik.
Dövlət investisiyanı kənd və rayon ərazilərinə yönəltdikcə hiss ediləcək ki, həqiqətən də həmin iqtisadi şərtlər insanları şəhərdən regionlara doğru qaytarır.
Hazırkı durumda Rusiya-Ukrayna müharibəsindən sonra da 18 yaşından yuxarı bir milyona qədər insan geri qayıdıb. Belə olan təqdirdə hökumət qarşısında çox ciddi çağırış yaranmış olur.
Bakı və Sumqayıt artıq bir-biri ilə faktiki olaraq birləşib. Aradakı ərazilərin hamısında insanlar məskunlaşıblar. Məktəblərdə 1200-1500 şagird yerinə 4 min, hətta Abşeron rayonu ərazisində 4 min-4 min 500-ə qədər şagird təhsil alır. təsəvvür edin ki, bu, infrastruktura, həmçinin əmək bazarına və mənzil bazarına necə təsir edir.
Bizim bölgələrimizdə bir çox evlər boşdur. Amma şəhərdə kirayə evləri baha qiymətə təklif olunur. Universitetlərin köçürülməsi termini nə qədər asan tələffüz olunursa da, onun arxasınca müəllim ordusunu formalaşdırmaq, onları həmin ərazilərə aparmaq, orada məskunlaşmalarını təmin etmək də qətiyyən asan deyil.
Gələcək dövr üçün daxili miqrasiyanın tənzimlənməsinin ən mühüm yollarından biri dövlət siyasətində iqtisadi hədəfləri dəyişmək, xüsusilə də sərhəd bölgələrinin inkişafına dair mühüm proqramlar qəbul etmək və bunu sistemli şəkildə həyata keçirməkdir.
Bunun nəticəsini 5-7 ildən sonra görəcəyik və əmin olacağıq ki, həqiqətən də apardığımız siyasət düzgün olub”.
Bu yazı Medianın İnkişafı Agentliyinin “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc edilib.
