Almaniyanın “Mercedes-Benz” şirkəti gələcəkdə istehsal edəcəyi avtomobillər üçün yeni texnologiyalar təqdim edib.
Lent.az xəbər verir ki, bu barədə “The Drive” nəşri məlumat yayıb.
Şirkətin ən diqqətçəkən yeniliklərindən biri avtomobilin ön şüşəsinin holoqrafik ekrana çevrilməsidir.
Texnologiya idarəetmə panelinə yerləşdirilən proyektor və xüsusi optik elementlərlə təchiz olunmuş ön şüşə vasitəsilə işləyir. Nəticədə müxtəlif görüntüləri birbaşa şüşə üzərində əks etdirmək mümkün olacaq.
Yeni sistemin üstünlüyü görüntülərin fərqli bucaqlardan görünməsini idarə etmək imkanının olmasıdır. Beləliklə, sürücü sərnişin üçün nəzərdə tutulan məlumatları, sərnişin isə sürücüyə aid görüntüləri görməyəcək.
“Mercedes-Benz” ön şüşədə naviqasiya göstərişləri, görməli yerlər haqqında məlumatlar və videolar nümayiş etdirməyi planlaşdırır.
Şirkətin digər yeniliyi isə xəbərdarlıq siqnallarının avtomobilin arxa şüşəsində də göstərilməsidir.
Hələlik bu texnologiyaların seriyalı avtomobillərdə nə vaxt tətbiq ediləcəyi açıqlanmayıb.