Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Lent.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Ərdoğan partlayışın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparıldığını qeyd edib.
“Ölkəmizi dərindən kədərləndirən bu faciənin səbəbləri və başvermə şəraiti, eləcə də hadisədə təqsiri və məsuliyyəti olan şəxslər müəyyən ediləcək”, – Türkiyə Prezidenti vurğulayıb.
Qeyd edək ki, partlayışdan sonra zavodun ərazisində güclü yanğın başlayıb. Hadisə yerinə axtarış-xilasetmə və yanğınsöndürmə qüvvələri cəlb olunub.
İlkin məlumatlarda 3 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi. Daha sonra ölənlərin sayı əvvəlcə 6-ya, ardınca 10-a yüksəlib. Son məlumatlara əsasən, faciə nəticəsində 16 nəfər həyatını itirib.