“Hər bir ölkənin inkişafı təkcə paytaxtın inkişafı ilə ölçülmür. Əlbəttə ki, Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu indi Azərbaycan vətəndaşları da, Bakıya gələn qonaqlar da görürlər. Ancaq bölgələrin inkişafı hər bir ölkənin real gücünü göstərir”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Astarada ictimaiyyət nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısı qeyd edib ki, son illərdə Azərbaycanın bölgələrində aparılan işlər bir daha Azərbaycanın qüdrətli ölkə olduğunu təsdiqləyir: “Çünki hər bir yerdə, hər bir bölgədə inkişaf, quruculuq işləri gedir. Mən bütün ölkəni gəzmişəm. Hər bir rayonda bir neçə dəfə olmuşam. Görürəm hər yerdə, ölkəmizin istənilən nöqtəsində, nəinki şəhərlərdə, kəndlərdə, qəsəbələrdə də böyük quruculuq işləri gedir. Rayonlar elə bil ki, bir-biri ilə rəqabət aparır. Amma bu, sağlam rəqabətdir və bizi inkişafa doğru aparan rəqabətdir”.
Dövlət başçısının sözlərinə görə, hər rayonun ictimaiyyəti, fəalları istəyirlər ki, onların rayonu daha da gözəl olsun, işlər daha da yaxşı getsin. “Bax, uğurlarımızın təməlində dayanan bunlardır. Əlbəttə ki, düzgün qərarlar qəbul edilib. İki regional proqram qəbul edilib. Artıq ikinci proqram başa çatır. Mən bölgələrdə səfərlərdə olarkən əlavə göstərişlər verirəm. Bax, bu canlı bağlantı bizə imkan verir ki, bütün məsələləri həll edək. Əlbəttə ki, düzgün qərarlar uğurlarımızın təməlində dayanan amildir. Ancaq, eyni zamanda, yerlərdə insanların təşəbbüsləri, zəhməti və öz dövlətinə olan sədaqəti bax, bu uğuru daha da möhtəşəm edir. Büdcəmiz də artır, investisiya proqramı da kifayət qədər böyükdür. Vəsait də ayrılır – həm dövlət büdcəsindən, həm Prezidentin ehtiyat fondundan. Ancaq bu maliyyə imkanlarını real həyata çevirmək artıq sizin işinizdir”-deyə, prezident vurğulayıb.
Dövlət başçısı İlham Əliyev onu da vurğulayıb ki, bütövlükdə son 10 il ərzində Azərbaycanın hər bir yerində quruculuq, inkişaf meylləri çox güclüdür. Cəmiyyətdə çox gözəl ab-hava var: “Çox böyük quruculuq ab-havası vardır və hər bir bölgədə insanlar çalışırlar ki, öz əməyi ilə ölkəmizi daha da gücləndirsinlər. Hər bir bölgənin inkişafı nəticədə ölkəmizin inkişafını müəyyən edir”.