Əmək pensiyaçılarının sayı artıb
13 aprel 2015 10:35 (UTC +04:00)

Əmək pensiyaçılarının sayı artıb

Dövlət Sosial Müdafiə Fondunun cari ilin yanvar-mart aylarında gəlirləri 751,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 39 milyon manat artıb. Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, o cümlədən, sosial sığorta gəlirləri 8,7 faiz artaraq 410 milyon manat təşkil edib. Bu daxilolmaların 65,7 faizi və ya 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci rübünə nisbətən 12 faiz və ya 29 milyon manat yuxarı olmaqla proqnozun 108,2 faiz icra edildiyini göstərir. Rüb ərzində Fondun xərcləri 725,7 milyon manat təşkil edib. Bu vəsaitin 98 faizi və ya 713,7 milyon manatı əhaliyə ödənişlərə yönəldilib. Əhaliyə ödənişlərin 97,6 faizini pensiya ödəmələri təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl vaxtında maliyyələşdirilməsinə imkan verib.

Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə əmək pensiyaçılarının sayı 1290,9 min nəfər olub və 1 aprel tarixinə 2,3 min nəfər və ya 0,2 faiz artaraq (o cümlədən yaşa görə 1,6 min nəfər azalıb, ailə başçısını itirməyə görə 0,5 min nəfər, əlilliyə görə isə 3,4 min nəfər artıb) 1293,2 min nəfər təşkil edib. 

 

Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44 faiz təşkil edib ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin birinci rübündə 2,2 faiz artaraq 3 041,8 min nəfərə çatıb.

 

Pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib. Sosial sığorta müavinətlərinin ödənilməsi elektron xidmətlər vasitəsilə reallaşdırılıb. “Elektron hökümət” portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə sayı qeydə alınıb. ”Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırılma nəticəsində Azərbaycan «Doinq Business 2015» hesabatında 32 pillə irəliləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar