İntimanın sürüşkən ayağı
01 may 2015 18:36 (UTC +04:00)

İntimanın sürüşkən ayağı

“ – Adım Sadiq, qardaşımın adi isə Salim...

 

- Mənim adım da Hüseyn, nə var bunda? Allah, Allah...

 

- Nədən bu adları verdin bizə, ata? Bu qədərmi qorxdun, ta ən başından bizdən, bu qədərmi yön vermək istədin həyatımıza, bizə...”

 

Türkiyə film sənayesinin istehsalı olan və ən yaxşı filmlərdən sayılan “ Babam və oğlum” filmindəndi bu qısa dialoq. Baxanlar yaxşı xatırlayar. Atasının cızdığı həyat yoluna “sadiq qalmayan” övladın, illər sonra öz atası ilə “hesablaşma” səhnəsidir.

 

Bu iki kəlməlik dialoq, əslində çox mətləblərdən xəbər verir. Adın, insanın həyatına yön verə biləcək qədər ciddi nəsnə olduğunu çatdırır bizə, yuxarıdakı danışıq. Həm də fərqli, maraqlı baxış bucağı göstərir bizə, hər zaman müzakirələrə səbəb olan bir məsələnin, övlada ad verilməsi məsələsinə baxmaq üçün.

 

Ağıllı valideyn, adın insanın həyatındakı yerini dərk edir. Övladının ona verilən adı bütün ömrü boyu qürurla daşıması üçün, yüz ölçüb bir biçir. Amma əks hallar da az deyil.

 

Maşında yol gedirik, radioda Kazbek adlı bir musiqiçidən danışılır. Aparıcı bu musiqiçinin bacısı ilə telefon əlaqəsi yaradıb. Bacı yazıq, özünü yeyib tökür ki, qardaşım iynə zad vurdurmurdu, “peredoz”dan ölməyi yalandır. Və sonda sakit səslə əlavə edir: “Hə, ola bilər ki, nəşə çəkib. Onu deyə bilmərəm, bəlkə də ondan öldü. Amma heç vaxt dərmandan, iynədən istifadə etməyib”. Maşını idarə edən dostum, elə qəhqəhə çəkir ki, az qalır sükan əlindən çıxa. Sən demə, “səsli düşünmüşəm”: “- A kişi, sən uşağın adını Kazbek qoyanda, o da gedib nəşə çəkib öləcəkdi də, alim olası halı yox idi ki...”

 

Bir xeyli əvvəl idi. Rayonların hansısa birində ata öz qız övladına (ta bilmirəm, düşünüb-daşınmışdı, yoxsa elə birbaşa) “Xiyarə” adını vermişdi. Aləm dəymişdi bir-birinə. Sosial mediada müzakirələr, saytlarda yazılar gedirdi. Bir məclisdə dostlar bu məsələni müzakirə edərkən, mənim də fikrimi soruşdular. Ciddi fikir söylənəsi mövzu deyildi. Sakitcə cavab verdim ki, camaatın işinə qarışmayın. Siz, ondan yaxşımı biləcəksiniz? Məhsulu əkən deyir ki, mən xiyar əkmişəm, siz tullanıbsız ortaya ki, yox belə olmaz... Yenə gülüşmə qopdu, mövzu qapandı.

 

Bir neçə ay əvvəl, hər gün xəbər saytlarını bəzəyən “ər arvadını öldürdü” başlıqlı bir xəbər, öldürülən qadının adına görə daha çox diqqət çəkdi. Dünyasını dəyişən qadının adı İntima idi. Bu adı ona qoyan isə atası... Bandit kişi olmuş. Zarafat eləmirəm. Xəbəri axtarıb tapa bilərsiz. İntima Bandit qızını əri ayağısürüşkənlikdə təqsirləndirib öldürmüşdü...

 

Gələk, məşhur adlar məsələsinə. Hər il doğulanlara qoyulan adlarla bağlı hesabat yayılır. Neçə ildi ki, ölkədə ilk yerləri dini adların tutduğu açıqlanır. Sonra da haray qopur ki, “Ay qoymayın, dindarlar gələcək, aləm qarışacaq”. Məncə, məsələ o qədər də qəliz deyil. Oğlan övladına Yusif adı qoyanların heç də hamısı dindar deyil. Bunların tam yarısı “Həzrəti Yusif” serialındakı Yusif rolunu oynayan yaraşıqlı aktyorun fanatlarıdır. Bir xeyli hissəsi öz övladını “Misirdə padşah” görmək istəyənlərdi və s.

 

Yəni, mənim fikrimcə, adın nə olduğundan daha çox, hansı amalla qoyulması önəmlidir. Bu cür yanaşsaq, son illərdə eyni arzu və amalla - ailəyə uğur gətirmək arzusu ilə qoyulan “Uğur” adı birinci yerə çıxar. Ətrafınıza baxın. Adının yanına “əmi” ya da “dayı” müraciətini qoymadan çağıra biləcəyiniz neçə Ədalət var? Bizim nəslin gözəl-göyçək Vəfa qızları, artıq adının yanında “ xala” qoyulanda incimir. Deyəsən, “ədalət” ta heç uşaqlara ad kimi qoymağa da tapılmır. “Vəfa” heç qız adı da deyil...

 

Bəli, ad məsələsi hər bir valideynin müstəsna hüququdur. Mən bu hüquqa zorakılıqla qarışmağın əleyhinəyəm. Yazdıqlarım, mənim bu məsələ ilə bağlı şəxsi fikirlərimdir. Bəyənilə də, bəyənilməyə də bilər. Digər tərəfdən, vəziyyət o həddədir ki, dövlət səviyyəsində qadağalar gətirilməsi nəzərdə tutulub. Siz siz olun, bu qədər müstəsna bir hüquqa kimsənin müdaxilə etməsinə yol verməyin. Özünüz sağlam düşüncəli olun. Adlar, öz sahibləri ilə yanaşı , adı qoyanlar haqda da çox şey deyir. Unutmayaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Çingiz Özgür

Oxşar yazılar