Azərbaycanda qəbul imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilir. İmtahanların idarə olunması üçün 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2318 nəzarətçi-müəllim cəlb olunub.
İmtahanın gedişini işıqlandırmaq üçün 70-dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.
2013-cü ildə III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib. Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin,2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar,21306 nəfərini isə qızlar təşkil edir. 15622 nəfər orta ümumtəhsil məktəblərinin builki, 10715 nəfər isə əvvəlki illərin məzunudur.
Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 129 abituriyent xarici ölkələrin vətəndaşıdır. 179 abituriyent ali təhsillidir və III ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 2423 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı ildən, ən gənc isə 1998-ci ildəndir. Bakıda 12246, Naxçıvanda 2014, Gəncədə 3567, Sumqayıtda 1717, Mingəçevirdə 1304, Şəkidə 1858, Ağcabədidə 1205, Göyçayda 1324, Şirvanda 1028, Lənkəranda 1703, Qubada isə 973 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən III ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 19:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.
III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.