“Orta məktəblərə şagirdlərin qəbulu ilə bağlı heç bir problem ola bilməz. Yəni heç bir məktəb direktorunun kiməsə maneçilik törətməyə ixtiyarı yoxdur”. Lent.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov APA TV-yə müsahibəsində bildirib. Nazir müavini qeyd edib ki, bəzi gimnaziyalar var ki, onlara şagird qəbulu həmin məktəblərin öz nizamnamələrinə uyğun həyata keçirilir. “Şagirdlərin I sinfə qəbulu ilə bağlı qaydalara yenidən dəyişiklik ediləcək”. Nazir müavini onu da qeyd edib ki, hazırda prosedurlara uyğun olaraq, ərazidə yaşayan uşaqlar yaxınlıqdakı məktəblərə qəbul olunurlar: “Əgər boş yerlər olarsa, digər qonşu ərazilərdən də şagirdlər qəbul edilə bilər”.
Nazir müavini uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə də toxunub: “Şagirdlərin vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyi tərəfindən yaradılmış komissiya tərəfindən həyata keçirilirdi. Bu da vətəndaşların haqlı narazılığına səbəb olurdu. Çünki uzaq rayonlardan Bakıya gəlib, uşaqlarını komissiyadan keçirmək çətinlik yaradırdı. Təhsil nazirinin əmrinə əsasən, bu səlahiyyət Təhsil Şöbələrinə verildi”.
C. Bayramov onu da vurğulayıb ki, şagirdlərin vaxtından əvvəl I sinfə qəbulu düzgün deyil: “Valideynlər deyirlər ki, onların övladları hərfləri tanıyırlar və.s. Amma hesab edirəm ki, 6 yaşına çatmamış uşaqların özündən böyük uşaqlarla bir sinifdə təhsil almağı doğru deyil”.