Bir neçə gündür ki, Bakıda mərhum prezident Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramına hazırlıq işlərinə start verilib. Artıq Heydər Əliyev Sarayının qarşısındakı parkın bir hissəsi piyadaların hərəkətinə bağlanıb.
Lent.az-ın məlumatına görə, ərazidə hazırlıq işlərinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi “Yeni Müsavat”a açıqlamasında bildirib ki, budəfəki bayramın miqyası iki dəfə çox olacaq: “Heydər Əliyev Sarayı və “Qış parkı” kimi tanınan ərazidə Gül bayramını təşkil etməyi planlaşdırırıq. Bir neçə gündür ki, sözügedən parkalarda piyadaların hərəkəti məhdudlaşdırılıb. Eyni zamanda ərazidə güllərin sərgilənməsi üçün stendlərin quraşdırılması davam edir”
Bakı meriyasının nümayəndəsi bildirib ki, budəfəki bayrama görə Hollandiya, İtaliya, İspaniya və Avstaliyadan güllər sifariş olunub: “Artıq sifariş olunan güllər yoldadır. Bayrama qədər onlar Bakı şəhərindəki xüsusi soyuducu anbarlarda sxlanılacaq. Parkların bəzədilməsinə isə bayramdan iki gün öncə başlanacaq”.
Təşkilatçılıq işlərinə Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun rəhbərlik etdiyini deyən meriya nümayəndəsi vurğulayıb ki, H.Abutalıbov sarayın qarşısındakı bağda özü üçün çadırdan mənzil-qərargah tikdirib: “Hacıbala müəllim tez-tez əraziyə gələrək, aparılan işlərlə maraqlanır. Bəzən gecələr də, saatlarla burada qalaraq öz tapşırıqlarını verir. Gül bayramında sərgilənəcək gülləri və dekorasiyaları şəxsən özü seçib. Eyni zamanda bu il bayrama cəlb olunan işçi qüvvəsi iki qat artırılıb”.
Qeyd edək ki, 2004-cü ildən başlayaraq, hər il mayın 10-da, mərhum prezident Heydər Əliyevin doğum günündə Bakı şəhər İcra Hakimiyyəti paytaxtda gül bayramı təşkil edir. Budəfəki gül bayramı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə təsadüf edir.