Elektrik enerjisini necə alacağıq? – QAYDA
09 sentyabr 2013 16:10 (UTC +04:00)

Elektrik enerjisini necə alacağıq? – QAYDA

Nazirlər Kabineti “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və  enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nı təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, bu Qaydalar istehlakçıların (sifarişçilərin) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydalarını və onlara dair tələbləri müəyyən edir.

Qaydaların heç bir müddəası sifarişçinin mənafeyini ağırlaşdıran formada təfsir edilə bilməz.  Enerji təchizatı müəssisəsi (ETM) texniki şərtlərin verilməsi üçün müraciətlərə baxarkən, inzibati prosedurlar Qaydalara zidd ola bilməz. ETM tərəfindən verilən texniki şərtlər və qoşulma nöqtələrinə dair tələblər əsaslandırılmalıdır. ETM xidmət etdiyi rayon və ya şəhər üzrə Enerji təchizatı şəbəkəsinin (ETŞ) sərbəst gücləri və qoşulma imkanları haqqında öz rəsmi internet səhifəsində məlumat verməlidir. Bu Qaydalar qüvvəyə minənədək ETŞ-yə qoşulmuş (sayğac quraşdırılmış) istehlakçılara onun müddəaları şamil edilmir. Həmin istehlakçıların əlavə güc alması bu Qaydalara uyğun olaraq həyata keçirilir. Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ var. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ-yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Texniki şərtlərin verilməsi üçün haqq ödənilmir.

Tikinti obyektlərinin ETŞ-yə qoşulması (qoşulma nöqtəsindən tikinti obyektinə qədər məsafə nəzərə alınmaqla) üçün haqq Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunur.

Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi  tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerji təchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan, lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. Ən yaxın məsafədə müəyyən edilən enerji mənbəyi digər ETM-in xidmət etdiyi ərazidə olarsa, texniki şərtlər almaq üçün müraciət edilən ETM bu müraciəti texniki şərtlər verilməsi üçün dərhal həmin ETM-ə göndərir və bu barədə sifarişçiyə məlumat verir. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər sifarişçinin müvafiq yerli icra hakimiyyəti orqanına (MYİHO) müraciətinə (ərizəsinə) əsasən, MYİHO-nun sorğusu əsasında ETM tərəfindən verilir. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, həmçinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri üçün texniki şərt sifarişçinin bilavasitə müraciəti əsasında tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM tərəfindən verilir.

Sifarişçinin MYİHO-ya təqdim etdiyi ərizədə aşağıdakılar göstərilməlidir:

- sifarişçi hüquqi şəxs olduqda - adı, hüquqi ünvanı və VÖEN-i barədə məlumatlar, fiziki şəxs olduqda isə - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, tikinti obyektinin təyinatı və fəaliyyət növü;

- ETŞ-yə qoşulan tikinti obyektləri istisna olmaqla, digər sifarişçilər üçün layihə təşkilatı tərəfindən hazırlanmış tikinti obyektinin daxili elektrik təchizatının layihəsinə əsasən elektrik qurğularının aktiv və reaktiv gücü, elektrik enerjisinin keyfiyyət göstəriciləri, etibarlılıq üzrə kateqoriyası, həmçinin ekoloji, texnoloji, qəza gücləri (bronları);

- normativ texniki və hüquqi aktlarda və ya tikinti obyektinin layihəsində ehtiyat qidalandırma nəzərdə tutulduğu hallarda, generasiya mənbəyinin gücü və tipi haqqında məlumat;

ETM texniki şərtlər almaq üçün təqdim edilmiş MYİHO-nun sorğunu və ya sifarişçinin ərizəsini qəbul etdiyi gün xüsusi kitabda qeydiyyata alır və bu bir iş günündən gec olmayaraq ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış və ya məlumatı müraciət edənə verir. Bir qayda olaraq texniki şərtlərin qüvvədə qalma müddəti 2 il müəyyən edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və uyğunsuzluqlar olduqda bu barədə ETM tərəfindən MYİHO-ya və ya sifarişçiyə 10 (on) gündən gec olmayaraq yazılı məlumat verilir. MYİHO və sifarişçi tərəfindən çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin müddətin axımı yenidən bərpa olunur. Texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduqda, ETM tərəfindən texniki şərtlər tərtib olunur, səlahiyyətli şəxsin imzası və möhürlə təsdiq edilərək, MYİHO-ya və ya sifarişçiyə təqdim olunur. MYİHO ona ərizə ilə müraciət etmiş sifarişçini dərhal bu barədə məlumatlandırır.

Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir:

-. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda);

- təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda.

MYİHO-ya və ya sifarişçiyə texniki şərtlərin verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 10 iş günü müddətində yazılı məlumat verilir. Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt (7 kVt da daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞ-yə qoşulma nöqtəsi 50 metr  olduqda (50 metr də daxil olmaqla), sifarişçi tərəfindən qoşulma işləri ilə bağlı xərclər və qoşulma haqqı ödənilmir, ETM texniki şərtlər əsasında (qoşulma ilə bağlı layihə işləri də daxil olmaqla) ETŞ-yə qoşulma işlərini öz hesabına 15 (on beş) iş günü müddətində həyata keçirir. Bu Qaydalarda nəzərdə tutulmuş tikinti obyektləri üçün tələb olunan gücün maksimal həddi 7 kVt-dan yuxarı olduqda, sifarişçi qoşulma işləri ilə bağlı xərcləri çəkir və bu Qaydalara uyğun olaraq qoşulma haqqı ödəyir. Tikinti obyektindən ETŞ-nin qoşulma nöqtəsinədək məsafə 50 metrdən yuxarı olduqda, qoşulma işlərinin görülməsi sifarişçinin hesabına həyata keçirilir.

ETM texniki şərtlərin hazırlanması məqsədi ilə elektrik qurğularının gücü 800 kVA-dan yuxarı olan sifarişçinin ərizəsini və ya MYİHO-dan ETM-ə daxil olan sorğunu, habelə təqdim edilmiş sənədləri ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində dövlət elektroenergetika müəssisəsinə göndərir. Dövlət elektroenergetika müəssisəsi enerji təchizatı müəssisəsi ilə güc həddini ərizə alındığı gündən 20 (iyirmi) iş günü müddətində razılaşdırmalıdır.  Yaşayış binalarının ETŞ-yə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və qoşulma haqqının ödənildiyi nəzərə alınaraq, həmin binalarda yerləşən mənzillərin ETŞ-yə qoşulması üçün ayrıca texniki şərtlərin alınması və qoşulma haqqının ödənilməsi tələb olunmur. Sifarişçi aktiv istehlakçı olduqda, texniki şərtlər bu obyektin tikintisi üçün ixtisaslaşdırılmış institutlar tərəfindən hazırlanmış Texniki İqtisadi Əsaslandırmanın tələbləri nəzərə alınmaqla verilir.

Tikinti obyektlərinin inşası üçün quraşdırılmış müvəqqəti enerji mənbəyinə digər istifadəçilərin qoşulması qəti qadağandır. Müvəqqəti texniki şərtlərin qüvvədə olma müddəti tikintiyə icazə (obyektin layihələndirilməsi və tikilib başa çatdırılması) üçün müəyyən olunmuş müddətdən az olmamalıdır. Texniki şərtləri itirmiş sifarişçinin ərizəsinə əsasən ETM əvvəl verilmiş sənədin surətini 5 (beş) iş günü müddətində ona ödənişsiz təqdim etməlidir (müəssisələr üçün arxiv sənədlərinin normativ saxlanma müddətini nəzərə almaqla). Elektrik şəbəkəsinə qoşulan sifarişçi (istehlakçı) tikinti obyektlərinin inşası müddətində elektrik gücünə olan tələbatın layihədə nəzərdə tutulmuş maksimum həddən çox olduğu və elektrik enerjisinin nominal parametrlərinə mənfi təsir edəcəyi təqdirdə, enerji təchizat müəssisəsi sifarişçidən (istehlakçıdan) yeni texniki şərt alınmasını tələb edə bilər. Texniki cəhətdən mümkün olduğu təqdirdə, elektrik enerjisi sayğacı sifarişçinin elektrik qurğularının balans mənsubiyyəti sərhədində quraşdırılmalıdır.  Sayğacla qoşulma nöqtəsi arasındakı sifarişçinin (istehlakçının) balansında olan hissəyə digər istehlakçılar yalnız onun razılığı əsasında qoşula bilərlər. Sayğac balans mənsubiyyəti sərhədində quraşdırılmadığı halda, ETM-in sifarişçi ilə qarşılıqlı razılıq əsasında və ya əvəzi ödənilməklə sifarişçinin balansında olan sayğacla qoşulma nöqtəsi arasındakı hissəni öz balansına keçirmək hüququ olmadığı təqdirdə isə poçt rabitəsi vasitəsilə və ya birbaşa həyata keçirilir.

Tərəflərin texniki şərtlərdə göstərilən qoşulmaya dair tədbirlərin yerinə yetirilməsi üzrə öhdəlikləri aşağıdakı kimi müəyyən edilir:

- sifarişçinin öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədi nöqtəsinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi;

- ETM öz istismarı üzrə öhdəliklərini istismar məsuliyyəti sərhədi nöqtəsinədək, öz balansı üzrə öhdəliklərini isə qoşulma nöqtəsinədək icra etməsi.

Qoşulmaya dair tədbirlər aşağıdakılardır:

-  Sənaye və Energetika Nazirliyinin Dövlət Enerji Nəzarət İdarəsi tərəfindən ETM və sifarişçinin iştirakı ilə qoşulan elektrik qurğularına (yaşayış evləri və elektrik avadanlıqlarının istismarı üçün müvafiq elektrotexniki heyətin tələb olunmadığı hallar istisna olmaqla) texniki baxışın keçirilməsi, habelə texniki şərtlərin və layihənin tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, 5 (beş) iş günü müddətində istismara buraxılış aktının verilməsi;

- tikinti obyektlərinin istismara buraxılışı aktı alındıqdan sonra 5 (beş) iş günü müddətində sifarişçi ilə ETM arasında iki nüsxədə balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti və qoşulma aktlarının tərtib edilərək imzalanması, elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması, ETM tərəfindən tikinti obyektinin elektrik qurğularının kommutasiya aparatı vasitəsilə ETŞ-yə fiziki qoşulması, gərginliyin və elektrik enerjisinin verilməsi.

- sifarişçilərə məxsus tikinti obyektləri ETŞ-yə qoşulma işləri həyata keçirildikdən sonra 5 (beş) iş günü müddətində sifarişçi ilə ETM arasında iki nüsxədə balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti və qoşulma aktlarının tərtib edilərək imzalanması, elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması, ETM tərəfindən tikinti obyektinin elektrik qurğularının kommutasiya aparatı vasitəsilə ETŞ-yə fiziki qoşulması, gərginliyin və elektrik enerjisinin verilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar