“Azəriqaz” İstehsalat Birliyi mənzil-tikinti kooperativlərinin (MTK) qurumla bağlı narazılıqlarına münasibət bildirib.
Lent.az-ın verdiyi məlumata görə, “Azəriqaz” İstehsalat Birliyi bəyan edib ki, payız-qış mövsümünün yaxınlaşması ərəfəsində son vaxtlar bəzi kütləvi informasiya vasitələrində adı açıqlanmayan müəyyən MTK-ların sakinlərin haqlı narahatlığından yayınmaq məqsədilə “Azəriqaz”a qarşı yönəlmiş ittihamlarla dolu yazılar dərc olunmaqdadır.
Bununla əlaqədar “Azəriqaz” həmin MTK-ların inşa etdiyi binalarda məskunlaşmış və hələ ki, qazla təmin olunmamış sakinləri düzgün məlumatlandırmağı özünə borc sayıb. “Azəriqaz” vətəndaşların diqqətinə çatdırır ki, hər bir MTK sahibi qaz təminatından danışarkən unutmamalıdır ki, o, inşa etdiyi binalardakı mənzilləri vətəndaşlara bütün kommunikasiya xətlərini, o cümlədən qaz kəmərlərini çəkdikdən, sayğacları quraşdırdıqdan, binanın istismara qəbul olunması barədə müvafiq qurumların rəyini “Azəriqaz”a təqdim edib qazın açılmasının təmin olunmasından sonra, yəni tam hazır vəziyyətdə, mülkiyyəti təsdiq edən sənəd (kupça) ilə satmalıdır. Reallıqda isə MTK-ların bir çoxu üzərinə düşən vəzifələri yerinə yetirmədən, bina hazır olmamış vətəndaşla bağladığı müqavilə əsasında alqı-satqı əməliyyatı aparır. Bu zaman da ortaya təbii olaraq bir sıra problemlər, o cümlədən qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması kimi problemlər çıxır. MTK sahibləri bu problemlərin həllindən yayınmaq, qaz xətlərini çəkməmələrinə, sayğacları sakinlərə şişirdilmiş qiymətlərlə satmalarına haqq qazandırmaq üçün süni şəkildə diqqəti yayındırmağa çalışır. Bir çox hallarda isə sayğacların baha qiymətlərə satılmasının guya ki “Azəriqaz” tərəfindən tələb kimi qoyulduğunu, binaya qaz verilməsinin ləngiməsinin birbaşa “Azəriqaz”ın günahı olduğunu iddia edirlər. Çox təəssüf ki, bu cür qeyri-sağlam iddialar təkcə həmin binaların sakinlərinə deyil, həm də bəzi kütləvi informasiya vasitələrinin yardımı ilə bütünlükdə cəmiyyətə təlqin edilir.
“Azəriqaz” bəyan edir ki, istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz verilməsində maraqlıdır. Bu binalara qaz açılmasının təmin olunması, sayğacların verilməsi ilə bağlı müqavilələr isə hüquqi şəxs olaraq MTK-larla bağlanır: “Sonda çoxmərtəbəli binalara qaz verilməsinin təmin olunması istiqamətində fəaliyyətimizi əks etdirən bəzi rəqəmləri xatırlatmaq istərdik. Əgər 2012-ci ildə “Azəriqaz” 60 çoxmərtəbəli binanın qazının açılmasını təmin etmişdisə, təkcə cari ilin 8 ayı ərzində bu rəqəm 69-a çatıb”.